Brüssel Ukraynanın 2027-ci il üçün nəzərdə tutulan Avropa İttifaqı vəsaitlərinin bir hissəsinin vaxtından əvvəl ayrılması ilə bağlı müraciətini rədd edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, Kiyev bu ilin yayında müdafiə sahəsində əlavə maliyyə ehtiyacını 27 milyard dollar qiymətləndirib. Ukrayna hökuməti yaranmış maliyyə kəsirinin bağlanması üçün Avropa Komissiyasından 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq “Ukraine Support Loan” proqramından vəsaitlərin vaxtından əvvəl ayrılmasını istəyib.
Lakin Brüssel 2027-ci il üçün nəzərdə tutulan vəsaitlərin əvvəlcədən verilməsi ilə bağlı müraciəti qəbul etməyib. Aİ bunun əvəzinə Kiyevdən üzərinə götürdüyü islahatları həyata keçirməsini tələb edib.
Nəşr yazır ki, Ukrayna razılaşdırılmış islahatları yerinə yetirəcəyi təqdirdə bu il təxminən 34 milyard avro əlavə Aİ dəstəyinə çıxış əldə edə bilər.
Tələblər arasında kiçik beynəlxalq bağlamalara tətbiq olunan ƏDV güzəştlərinin ləğvi və rəqəmsal platformaların vergiyə cəlb olunması ilə bağlı yeni qaydaların tətbiqi də yer alır.
Bundan başqa, Brüssel siyasi əhəmiyyətli şəxslərin (PEP) maliyyə monitorinqi ilə bağlı tələblərin zəiflədilməsinə də narahatlığını bildirib. Aİ rəsmiləri bu məsələnin antikorrupsiya öhdəlikləri baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Məlumata görə, 90 milyard avroluq kredit proqramı 2026 və 2027-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub və vəsaitlərin ayrılması islahatların yerinə yetirilməsi ilə əlaqələndirilib. Bu il indiyədək Ukraynaya proqram çərçivəsində 15,7 milyard avro ayrılıb.
Günay Əli
KONKRET.az
