Bu il may ayının 29-da, Rusiyanın Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində azərbaycanlı Vəkil Abdullayevin polis tərəfindən başına açılan güllədən öldürülməsi ölkənin əsas gündəmindən birinə çevrilib.
KONKRET.az “Readovka” telegram-kanalına istinadən xəbər verir ki, yerli OMON dəstəsi həmin şəxsin yaşadığı qəsəbəyə yeridilib. Milli qvardiyanın xüsusi təyinatlılarından başqa bölgədə zirehli jiletlər və dəbilqələr geyinmiş polislərin sayı çoxaldılıb. Rusiya mətbuatı Vəkil Abdullayevi öldürən polis nəfərinə azərbaycanlı icma üzvləri tərəfindən ölüm təhdidləri olunduğunu bildirir.
“Lenta.ru” saytının xəbərinə əsasən, silahlı azərbaycanlılarla dolu 60-dan çox maşın polis məntəqəsinin ətrafını mühasirəyə alıb. Onlar gənc həmvətənimizi qətlə yetirən yol-patrul xidməti əməkdaşının verilməsini tələb ediblər. Yerli media hətta qatilin ailəsinə də hədə-qorxu gəlindiyini iddia edib. Qəzəbli soydaşlarımızı Novosibirskdə fəaliyyət göstərən milli-mədəni muxtariyyatın rəhbəri Rasim Sahib oğlu Babayev sakitləşdirməyə çalışıb. O, həmvətənlərimizi təhqiqatın nəticələrini gözləməyə çağırıb.
Qeyd etmək lazımdır ki, faciəli insidentlə bağlı Ryisya İstintaq komitəsi federal Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqla adam öldürmə) ilə cinayət işi açıb./Musavat.com
