Prezident seçildikdən sonra Ərdoğan ilk olaraq hansı problemləri həll edəcək? – İLGİNC AÇIQLAMAbackend

Prezident seçildikdən sonra Ərdoğan ilk olaraq hansı problemləri həll edəcək? - İLGİNC AÇIQLAMA

Ərdoğanın təkrar Türkiyə prezidenti seçilməsi Türk dünyasının tarixinə əlamətdar hadisə kimi daxil oldu. Türk xalqının böyük hissəsi Ərdoğanı dəstəkləyərək qalib etsə də, onun Türkiyəni iqtisadi cəhətdən geri sürükləyəcəyini deyənlərin sayı da az deyil. Bu fikiri səsləndirənlər Lirənin dəyər itirməsini, qaçqın problemini və digər məsələləri arqument kimi ortaya qoyurlar. Bəs görəsən, Ərdoğannın seçkidə növbəti qələbəsi Türkiyəyə nə vəd edir? Qardaş ölkədə hansı yeniliklər və uğurlar gözlənilir? Ümumiyyətlə, Ərdoğan hansı məsələlərin həlli istiqamətində addımlar atacaq?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyənin son 20 illik tarixində bu qədər gərgin və ciddi rəqabətlə keçən seçki müşahidə edilməyib: “Türkiyə vətəndaşları böyük bir demokratiya sınağından keçdilər. Dünyanın maraqla izlədiyi seçki çox yüksək səviyyədə təşkil olundu. İnsidentsiz başa çatan, seçici fəallığı ilə müşahidə edilən və mütəşəkkil olan seçkiyə görə Türkiyəyə böyük təbriklər düşür. Seçkilərdən sonra Türkiyədə nələrin baş verəcəyinə gəlincə, bununla bağlı bir sıra mülahizələr mövcuddur. Ərdoğanın seçilməsinin önəmi və əhəmiyyətindən danışmağa gərək yoxdur. Çünki hər kəs bunu yaxşı bilir. Türkiyə hökuməti Türk dünyası ilə bağlı məsələlərdə bünövrəsi qoyulan və həyata keçirilməsi planlaşdırılan işlərin davamını gətirməlidir. Bu baxımdan Ərdoğanın təkrar prezident seçilməsi həyata keçiriləcək layihələrin davamlı olacağına bir işarədir. Ərdoğanın növbəti prezidentlik dönəmində həll etməli olduğu xeyli məsələlər var. İlk növbədə təhlükəsizlik məsələsində, regional və qlobal mövzularda bir sıra addımlar atılmalıdır. Həmçinin Türkiyənin qaz qovşağına çevrilməsi ilə bağlı layihələrin icrası da gündəmdədir. Amma ən önəmlisi Türkiyə iqtisadiyyatındakı problemlərin, xüsusən də lirənin dəyər itirməsi ilə bağlı məsələnin həllini tapmasıdır. Bundan başqa zəlzələ bölgəsinin bərpası da önəmli məsələlərdən hesab olunur. Ərdoğanın seçkidən sonrakı çıxışında da bütün bu problemlərə diqqət yetirildi və həyata keçiriləcək islahatların anonsu verildi”.

Oqtay Qasımov: "Azərbaycan dövlətinə qarşı təhdidlər ciddi şəkildə azalacaq"

Politoloqun sözlərinə görə, Ərdoğanın hakimiyyətdə qalması qlobal güclərin maraqlarına cavab vermədiyi üçün lirənin dəyərdən düşməsi ənənəsi davam edəcək: “Ona görə də, yaxın zamanlarda Ərdoğanın özünün iqtisadi komandasını təqdim edəcəyi gözlənilir. Bundan sonra atılacaq addımların və həyata keçiriləcək islahatların konturları daha aydın cızılacaq. Ümid edirəm ki, Türkiyə vətəndaşlarını qayğılandıran iqtisadi problemlərin həlli qısa zamanda reallaşacaq. Təbii ki, Ərdoğanın həll etməli olduğu digər xırda məsələlər də mövcuddur. Məsələn, Müdafiə Sənayesi və Yüksək Texnologiyalar sahəsinin inkişafı prioritet təşkil edəcək. Ancaq Ərdoğanın bütün bu sadalanan məsələlərlə bağlı hansı işlər görəcəyi onun formalaşdırdığı iqtisadi komandanın tərkibindən sonra bəlli olacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*