Prezident tələblərimizi səsləndirdi: İranın cavabı necə olacaq? – İLGİNC AÇIQLAMAbackend

Prezident tələblərimizi səsləndirdi: İranın cavabı necə olacaq? - İLGİNC AÇIQLAMA

Prezident İlham Əliyev çıxışında İranla münasibətlərin normallaşması üçün bəzi tələblərin yerinə yetirilməli olduğunu diqqətə çatdırıb. Ölkə başçısı bildirib ki, İranla münasibətlərin normallaşması üçün Azərbaycandan olan və İranda özünə sığınacaq tapan bəzi terrorçuların ekstradisiyası baş tutmalıdır, eyni zamanda səfirliyimizdə törədilən terror hadisəsi şəffaf araşdırmalıdır. Bəs görəsən, İran tərəfi bu tələblərə necə reaksiya sərgiləyəcək? Xüsusilə, İrana sığınan azərbaycanlı terrorçuların Azərbaycana ekstradisiya gerçəkləşə bilərmi?  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, İran diplomatiyasının bir neçə fərqli cəhəti var. Dünya səviyyəsində onları xarakterizə edən cəhətlərdən biri də, iranlıların çox mürəkkəb danışıq aparan aktor olmalarıdır: “İstər Qərb, istər öz qonşuları, istərsə də digər tərəf müqabilləri ilə onların danışıqları çox ağır və uzun trayektoriyadan keçir. Adətən onlar daha çox öz tələblərini önə çıxarmağa və bir qayda olaraq qarşı tərəfin tələblərinə ciddi yanaşmamağa çalışırlar. Doğrudur, bəzi hallarda tələblər elə tərzdə qoyulur ki, istər-istəməz onlarla razılaşmağa məcbur qalırlar. İran-Qərb, İran-ABŞ  münasibətlərindən də biz görürük ki, onlar bir çox hallarda qabaqdan gəlmişlik edirlər. Hətta onlara qarşı əvvəlcədən heç bir tələb irəli sürülməməsini istəyirlər. Bu, iranlılara xas olan bir göstəricidir. Ona görə də, ilkin mərhələdə iranlıların bizim haqlı tələblərimizə ciddi yanaşacaqlarını düşünmürəm. Qeyri-ciddi yanaşma isə İranın öz acizliyini hiss etməsinin təzahürüdür”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Politoloqun sözlərinə görə, rəsmi Tehranın İrana sığınan azərbaycanlı terrorçuların qaytarılması tələbini qeyri-ciddi sayması mümkündür. Amma səfirliyimizə edilən terror hücumunun şəffaf araşdırılması ilə bağlı tələb haqda bu cür düşünmək yolverilməzdir: “Çünki orada hər şey sübuta yetirilib və faktlar açıq-aşkar ortadadır. Təbii ki, sözügedən terror aktı bir nəfərin işi deyildi. Həmin terrorçunun arxasında ciddi qüvvələr dayanır. Prosesin təfərrüatları göstərdi ki, İranda Azərbaycana qarşı çox anlaşılmayan məkr və nifrət var. Bunun nədən qaynaqlandığını isə biz bilmirik. Çünki Azərbaycan tərəfindən İrana qarşı münasibət həmişə normal səviyyədə olub. Hər halda hər iki ölkənin bir-birinə çox böyük ehtiyacı var. Bizim istər Araz çayı üzərində, istərsə də digər sahələrdə  bir çox ortaq layihələrimiz mövcuddur. Bu baxımdan İran tərəfi şıltaqlıqdan uzaqlaşmalı və konkretliyə köklənməlidir”.

Tofiq Abbasov əlavə edib ki, rəsmi Tehran bölgədə sülh və təhlükəsizliyin tərəfdarıdırsa, bunu öz hərəkətləri ilə təsdiq etməlidir: “Yaxın zamanlarda bu proseslərin hər birinin öz həllini tapacağını düşünmürəm. Amma hər bir halda mövcud problemlərin həll edilməyəcək səviyyədə olduğunu demək doğru olmaz. Azərbaycan özünün ciddi mövqeyini nümayiş etdirir. Oa görə də, İran tərəfi dünya çapında terrordan və zorakılıqdan uzaq olduğunu göstərmək istəyirsə, ən azı Azərbaycanla münasibətdə bütün bu göstəriciləri əks etdirməlidir. Yəni sağlam münasibətlərin tərəfdarı olduğunu sübuta yetirməlidir. Belə olmasa, Azərbaycan İrana heç vaxt güc və təzyiq yolu ilə danışmağa imkan verməyəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*