Prezidentin ağlasığmaz addımı ölkəni məhvə aparır – Bütün dünya Lukaşenkoya qarşı bunu edir – ŞƏRHbackend

Prezidentin ağlasığmaz addımı ölkəni məhvə aparır - Bütün dünya Lukaşenkoya qarşı bunu edir - ŞƏRH

Belarusun Lukaşenkosu növbəti ağlasığmaz addımı ilə bütün dünyanı bir-birinə “vurub”. Mayın 23-dən başlayaraq Qərb bu gözəl ölkəni “terrorçu dövlət”, “pirat dövlət” adlandırmağa başlayıb. Bəzi ekspertlər rəsmi Minskin “RyanAir” İrlandiya aviaşirkətinə məxsus sərnişin təyyarəsinin zorən Minsk-2 hava limanına endirilməsini “nəticələrin infantilcəsinə səhv hesablanması” və ya “tarixdə görünməmiş biabırçı insident” kimi qiymətləndirirlər.

Amma hər şey gün kimi aydındır. Belarusun “batka”sı hər kəsi “mat” qoysa da, Avropanın “xilaskarı” adını qazana bilmədi. Maraqlısı və qəribəsi odur ki, Vilnüsün üzərində bombanın partlamasının qarşısını almağa çalışan dövlət başçısı “minalanmış” təyyarənin məhz doğma Minskə yönəldilməsinə razı olub. Yəni bombanın Minsk üzərində partlama ehtimalı onu narahat etməyib. Sonradan məlum olub ki, bomba xəbəri uydurulmuşdu.

Bütün həngamə həmin təyyarədə Nexta teleqram-kanalının aparıcısı, bloger Roman Protaseviçin olduğuna görə imiş. Protaseviç ötən ilin payızında keçirilən kütləvi etirazlara rəhbərlik etmək və digər ittihamlara əsasən 15 illik həbsə məhkum oluna bilər. Buna dəyərdimi? İndi bu blogerin üzündən bütün dünya Belarusa qarşı ayağa qalxıb.

Artıq Böyük Britaniyanın, Almaniyanın, Fransanın, Latviyanın, Macarıstanın, Finlandiyanın, Niderlandın, Polşanın, Avstriyanın, Sinqapurun aviaşirkətləri bir-birinin ardınca Belarusun hava məkanından istifadədən imtina etməyə başlayıblar. Britaniya və Fransa isə Belarusun “Belavia” dövlət aviaşirkətinin uçuşlarına icazəni dayandırıb, Litva bu ölkədən gələn və onun üzərindən keçən laynerləri qəbul etmir, Ukrayna qonşusu ilə hava məkanı əlaqələrini dayandırdığını elan edib. Ukrayna dövlət sərhəd xidmətinə Belarusdan gələn və ya Belarusa gedən sərnişinləri qeyd etməmək göstərişi verilib. Həftədə 2 mindən çox uçuş qəbul edən və ya öz hava məkanından keçilməsinə icazə verən Belarusa dəyəcək böyük zərəri hesablamaq üçün iqtisadçı olmaq vacib deyil. Rəsmi Minskin ağlasığmaz azğın hərəkətinin iqtisadi bədəlini isə ən çox Belarus xalqı öz üzərində hiss edəcək.

Hadisələr Belarusun dövlət bayrağından da yan keçməyib. Latviya XİN-in başçısının və Riqa şəhər merinin qərarı ilə bu ölkədə keçirilən xokkey üzrə Dünya çempionatının iştirakçısı olan Belarusun dövlət bayrağı nümayişkaranə şəkildə endirilib və müxalifətin təklif etdiyi ağ-qırmızı-ağ rəngli bayraqla əvəzlənib. Bu hadisə, demək olar ki, iki ölkənin diplomatik əlaqələrinin dayandırılması ilə nəticələnib. Hazırda Belarus qonşuları Polşa, Latviya və Litva ilə diplomatik savaş durumundadır. Minskin hərəkətləri Avropa Birliyi, ABŞ, Böyük Britaniya, NATO və BMT tərəfindən sərt şəkildə pislənilib. ABŞ Prezidenti Cozef Bayden Avropa Birliyinin rəsmi Minskə qarşı qərarlarını dəstəkləyib və komandasının bu məsələyə görə təqsirkarların məsuliyyətə cəlb olunmaları üçün tədbirlər hazırlayacaqlarına söz verib.

İndi Lukaşenko nə qədər beynəlxalq qaydalar çərçivəsində hərəkət etdiyini iddia etsə də, gecdir. Onun da 2013-cü ildə Vyanada təyyarəsi endirilən Boliviya prezidenti Evo Moralesin taleyini təkrar yaşaya biləcəyi istisna edilmir. O zaman Morales avantürist bəyanatının qurbanı olmuşdu: Snoudeni təyyarəsində apara biləcəyini elan etmişdi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*