Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İmran Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd: İmran Əsədov həm yetkinlik yaşına çatmadığı, həm də yetkinlik dövründə törətdiyi bir neçə epizod üzrə ağır cinayət əməllərində ittiham olunur.
İstintaqla müəyyən edilib ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə azyaşlı şəxsi hədə-qorxu yolu ilə təsir altına salaraq cinayətkar fəaliyyətə cəlb edib.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında, dəqiq tarix və vaxt istintaqa məlum olmayan bir vaxtda, bibisi oğlu vasitəsilə tanıdığı azyaşlı N.N. (adı, soyadı şərtidir) ilə əlaqə yaradıb. O, həmin şəxsi məşhur mobil oyun olan “PubG” ilə aldadaraq “UC” adlı oyun valyutası və oyun hesabı satacağı vədi ilə pul tələb edib. Mövcud olmayan bu hesab müqabilində 22 000 manat tələb edən İmran pul verilmədiyi halda azyaşlını və onun yaxınlarını öldürmə və oğurlama ilə hədələyib, eləcə də rüsvayedici məlumatlar yayacağı ilə bağlı təhdidlər səsləndirərək psixi təsir göstərib.
İttihama görə o, bununla kifayətlənməyərək azyaşlını atasına məxsus pulu oğurlamağa da təhrik edib. Nəticədə, 2023-cü ilin aprel-iyul ayları ərzində N.N. vasitəsilə zərərçəkmiş M.N.-ə (adı, soyadı şərtidir) məxsus 22 000 manat məbləğində pul yaşadığı evdən gizli yolla talanıb.
Cinayətkar fəaliyyət sonradan da davam etdirilib. İmran 2023-cü ilin avqust ayının əvvəllərində eyni azyaşlıya qarşı yenidən oxşar üsullarla təsir göstərərək bu dəfə 18 000 manat məbləğində pul tələb edib. O, guya silinmiş oyun hesabını bərpa edəcəyini və əlavə oyun valyutası yükləyəcəyini vəd edib. Bununla yanaşı, əvvəlki kimi hədə-qorxu və təhdidlər vasitəsilə azyaşlını qorxu altında saxlayaraq onu yenidən oğurluq etməyə sövq edib.
İstintaqla müəyyən edilib ki, həmin dövrdə – avqust ayının əvvəlindən sentyabrın 5-dək olan müddətdə N.N. vasitəsilə zərərçəkmişə məxsus daha 18 000 manat pul evdən gizli yolla talanıb. Beləliklə, ümumilikdə zərərçəkmişə 40 000 manata yaxın maddi ziyan vurulub.
Məhkəmə iclasında İmran Əsədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, azyaşlı N.N. ilə tanışlığı oyun platforması vasitəsilə yaranıb və müxtəlif vaxtlarda “oyun hesabı” adı ilə ondan pul alıb. Təqsirləndirilən şəxs ümumilikdə 40 000 manat məbləğində pul əldə etdiyini söyləyib və həmin vəsaiti şəxsi ehtiyaclarına, eləcə də oyun xərclərinə sərf etdiyini qeyd edib.
İmran həmçinin etiraf edib ki, N.N.-in azyaşlı olduğunu, məktəbli yaşında olduğunu bilib və buna baxmayaraq ondan pul tələb edib. İş materiallarında olan səsyazıların da ona məxsus olduğunu təsdiqləyən İmran törətdiyi əməllərdən peşman olduğunu bildirib.
Xatırlatma: İmran Əsədov qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi – azyaşlının cinayət fəaliyyətinə cəlb edilməsi, oğurluq və hədə-qorxu ilə tələb etmə – üzrə ittiham irəli sürülüb.
