Putin Tramp və Zelenski ilə bir masa arxasında oturacaq? – MKİ rəhbəri Moskvada gizli danışıqlar apardıbackend

Putin Tramp və Zelenski ilə bir masa arxasında oturacaq? – MKİ rəhbəri Moskvada gizli danışıqlar apardı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyaya gizli səfəri zamanı Ukrayna müharibəsinin dayandırılması üçün mühüm diplomatik təşəbbüslə çıxış edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Retkliff Moskvada keçirdiyi görüşlər zamanı ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsini təklif edib.

Təklifin əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh danışıqlarının yenidən başlanmasına yol açmaqdır.

Bu, Retkliffin Rusiya ilə Ukrayna arasında diplomatik prosesdə irəliləyiş əldə etmək cəhdlərinə şəxsən qoşulduğu ilk hal kimi qiymətləndirilir. Mənbələrin sözlərinə görə, onun Moskvaya səfərinin məqsədlərindən biri də Rusiya kəşfiyyat strukturlarının rəhbərlərinin Vladimir Putini ABŞ vasitəçiliyi ilə Ukrayna ilə danışıqları bərpa etməyə razı salmaq imkanının olub-olmadığını müəyyənləşdirmək olub.

ABŞ rəsmiləri cümə günü Volodimir Zelenskiyə Retkliffin Moskvada apardığı danışıqlar və üçtərəfli sammit təklifi barədə məlumat veriblər.

“Axios”un yazdığına görə, Tramp administrasiyası daha əvvəl də Tramp-Putin-Zelenski görüşü ideyasını gündəmə gətirib. Zelenski bu formata razılıq versə də, Putin təklifi qəbul etməyib.

MKİ rəhbəri avqustun 25-də ABŞ hökumətinə məxsus C-17 hərbi-nəqliyyat təyyarəsi ilə Moskvaya gedib. Səfər əvvəlcədən elan edilməyib və yüksək məxfilik şəraitində həyata keçirilib.

Retkliff Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşüb. Kreml də onun Rusiya kəşfiyyat rəsmiləri ilə danışıqlar apardığını təsdiqləyib, lakin Retkliffin Putinlə görüşmədiyini bildirib.

“The New York Times”un məlumatına görə, Retkliff Bortnikova müharibənin hazırkı vəziyyəti ilə bağlı “bədbin qiymətləndirmə” təqdim edib və Rusiyanı vəziyyət daha da pisləşmədən əvvəl razılaşma əldə etməyə çağırıb.

“Axios”un mənbələri isə Retkliffin Bortnikvi konstruktiv tərəf kimi qiymətləndirdiyini və onun diplomatik səylərin yenidən başlanmasına kömək edə biləcəyini bildirib.

Donald Tramp Retkliffin Moskva səfərini “standart iş” adlandırıb.

ABŞ prezidenti onun Rusiyaya səfərinin Moskvanı NATO ərazisinə hücum etməməsi barədə xəbərdar etmək məqsədi daşımadığını bildirib.

MKİ isə Retkliffin səfəri və keçirdiyi görüşlərlə bağlı açıqlama verməkdən imtina edib.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*