Putinin Qafqazdakı sirri: Mavr hələ işini görməyib – “Moskovskiy komsomolets”backend

Putinin Qafqazdakı sirri: Mavr hələ işini görməyib - "Moskovskiy komsomolets"

Əliyev Ərdoğanla mümkün qədər qardaşlaşır, ancaq Putinlə real məsələləri həll etməyə üstünlük verir. Bu nəticə Rusiya prezidentinin Moskvada Azərbaycan və Ermənistan liderləri ilə sammitindən çıxarıla bilər. Cənubi Qafqazda ən azı nisbi bir sülhün perspektivləri barədə düşünərək hər dəfə çox uzun müddət baş sındırıram. Bakı ilə İrəvan arasında çoxdan bəri davam edən nifrətin həcmi o qədər böyükdür ki, bu baxımdan nikbinlik, demək olar ki, dəlilik əlaməti kimi görünür.

Ancaq həqiqət qalır: 2020-ci ilin payızında gözlənilmədən bölgədəki siyasi təşəbbüsü ələ keçirən Rusiya 2021-ci ilin qışında daha bir addım atdı. Yanvarın 11-də Vladimir Putinlə görüşündə İlham Əliyev Azərbaycan və Ermənistan xalqlarının “barışıq üçün özlərində iradə və müdriklik tapacağına ümid etməsindən” danışdı. Və əlavə etdi ki, “Əminəm ki, erməni tərəfi 10 noyabr bəyanatına yenidən baxmağa cəhd göstərməyəcək”. Bu, əslində İrəvana deyil, Moskvaya ünvanlanmış bir mesaj idi. Əliyev əmindir və ümid edir ki, İrəvanda bu cür ciddi niyyətlər ortaya çıxan kimi Putinin təmsil etdiyi Moskva bu cür hərəkətlərin əbəs olduğunu və erməni tərəfinin maraqlarına cavab verməyəcəyini inandırıcı şəkildə izah edəcəkdir.

“Mavr işini gördü, Mavr gedə bilər” – Şekspirdən gətirilən bu məşhur sitata iki hissədən baxaq .Onda  Moskvanın Cənubi Qafqazda niyə əvəzedilməz vasitəçi və hakim olduğuna və bunun səbəblərinə dair ətraflı bir izahat  almış olacaqsınız. Əvvəllər Nikol Paşinyana xüsusi rəğbət bəsləməyən Vladimir Putin bu dəfə Ermənistan Baş nazirinə qarşı nəzərə çarpacaq dərəcədə yumşaq davrandı.

Bakının İrəvan üzərindəki hərbi qələbəsini Əliyev Türkiyə ilə çox yaxın müttəfiqliyi sayəsində əldə etdi. Lakin hərbi zəfərinin nəticələrini birləşdirmək və siyasi zəfərə çevirmək üçün Azərbaycan liderinin indi Moskva ilə tam qarşılıqlı anlaşmaya ehtiyacı var. İrəvanın Bakıya təslim etdiyi ərazilərin erməni ordusundan azad etməsi üçün Əliyevə Moskvanın dəstəyi lazımdır. Bu məqsədə çatmaq üçün Bakının Türkiyə ilə yuxarıda adı çəkilən ittifaqı kifayət deyil. Üstəlik, Azərbaycan lideri özü üçün daha yüksək standart qoyur. Ona birincisi, Ermənistanın yeni geosiyasi reallıqla barışması, ikincisi, ərazisindən nəqliyyat dəhlizləri açması lazımdır. Və bu Rusiyanın istəyi olmadan edilə bilməz.

Rusiyanın vasitəçi və hakim rolunu səmərəli oynaması Ermənistanın indiki Baş nazirinin İrəvanın müvəqqəti olaraq hakimiyyətdə qalması üçün də lazımdır. Putin və Paşinyan arasındakı münasibətlərin keçmiş dinamikasını bilənlər üçün sualın belə bir şəkildə tərtib edilməsi ən azından təəccüblü görünə bilər. Paşinyan Rusiyanı tanımayan və anlamayan bir fiqurdur. Paşinyan bir vaxtlar Rusiya Federasiyası Prezidentinin nəzakətli, lakin son dərəcə inadkar şəxsi tələbinə məhəl qoymayan bir siyasətçidir: Putinin şəxsi dostu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryana təzyiq göstərməsini yada salmaq kifayətdir.

Bunun başlıca səbəbi iki lider arasında həqiqi insani anlayışın olmaması idi. Məlumatlı bir erməni mənbəyinin bir vaxtlar mənə dediyi kimi, Putinlə ilk görüşlərdən birində əlavə silah tədarükünü tələb edən Paşinyan Putinin faktiki olaraq onu rədd etdiyini anlamadı. Ancaq bütün bunlar artıq vacib deyil. İndi vacib olan budur ki, Paşinyanın bir siyasətçi kimi itirəcəyi başqa bir şey yoxdur (təbii ki, həyatı və azadlığı xaricində). Ermənistanın Baş nazirinin son vaxtlara qədər sahib olduğu bütün siyasi mənbələr indi onun üçün geridönməz şəkildə itdi. Artıq onun populyarlığı, siyasi bazası, hətta erməni cəmiyyətinin elementar hörməti yoxdur. Bu, Paşinyanı bir tərəfdən Moskvanın xoşməramlılığından çox asılı vəziyyətə gətirir (daxili dəstək yoxdursa, heç olmasa xarici dəstəyə ehtiyac duyulur), digər tərəfdən isə “çirkli iş” görmək üçün ideal bir fiqur kimi göstərir. İndi Paşinyan istənilən təhqiramiz və alçaldıcı təklifə getməyə hazırdır.

İndi Paşinyanın Moskvanın və Bakının istənilən təklifini yerinə yetirməkdən başqa çarəsi yoxdur. Çünki Ermənistan üçün alternativ yoxdur. İrəvandakı bütün real düşüncəli siyasətçilər başa düşürlər ki, indiki məqamda Rusiya geri çəkilərsə, Ermənistan üçün ziyanlar daha da fəlakətli olacaq. Buna görə də Paşinyanı istefaya çağıran İrəvanın əhəmiyyətli siyasi oyunçuları əslində onu müvəqqəti olaraq Ermənistanın Baş nazirinin kürsüsündə saxlamağa çalışırlar. Təbii ki, bütün rüsvayçı proseslər başa çatan kimi Ermənistan Paşinyanın “dalından dəyəcək”.

Bir sözlə, Moskvadakı üçtərəfli zirvə görüşü zamanı baş verənlər sübut etdi ki, istər Azərbaycan, istərsə də Ermənistan Rusiyanın vasitəçiliyinə ehtiyac halındadır. Bu ehtiyac nə qədər sürəcək? Onu zaman göstərəcək. Və o zaman “Mavr işini gördü, Mavr gedə bilər” ifadəsi icraata başlayacaq.

“Moskovskiy komsomolets”, 13 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*