Bu gün Qaradağlı faciəsindən 33 il ötür.
KONKRET.az xəbər verir ki, Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında yerləşən kənd 17 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Hadisə zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri isə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla 18-i aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Həyata keçirilən soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumən 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib.
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Qaradağlı üzərində suverenliyini bərpa etməyi bacardı.