Azərbaycanda işini itirən vətəndaşların kredit borclarının sığorta şirkətləri tərəfindən qarşılanmasına imkan verən yeni mexanizmin tətbiqi gözlənilir. Bu qaydalar çərçivəsində müəyyən hallarda borcalanın ödəyə bilmədiyi kredit öhdəliyinin tam və ya bir hissəsinin sığorta hesabına bağlanması nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, Mərkəzi Bank tərəfindən kredit risklərinin sığortalanması ilə bağlı qaydalar hazırlanıb və onların yaxın müddətdə tətbiqi gözlənilir:
“Borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu, Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.
Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır.
Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq”.
Deputatın sözlərinə görə, yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında çalışan şəxslərə şamil ediləcək. Şərtlərin “İşsizlikdən sığorta haqqında” Qanunun tələblərinə uyğun olması gözlənilir.
“Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstdir”, – deputat bildirib.
O əlavə edib ki, sığorta hadisəsi baş verdikdə kreditin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsi həyata keçiriləcək. İş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi nəzərdə tutulan sığorta hadisələri sırasındadır.
V.Bayramov vurğulayıb ki, sığortadan istifadə kredit götürən üçün əlavə xərc yaratsa da, bankların faiz dərəcələrini azaltması bu artımı kompensasiya edə bilər.
“Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür.
Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faizlərin azaldılmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır. Yəni, işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faiz dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq”, – deputat fikirlərini yekunlaşdırıb.
