Bir kəndlinin 22 illik mübarizəsi: Sevdiyi qadının xatirəsinə dağı parçaladıbackend

Bir kəndlinin 22 illik mübarizəsi: Sevdiyi qadının xatirəsinə dağı parçaladı

Hindistanın Gehlor kəndində yaşayan Daşrat Manji kasıb bir fəhlə idi. Onun həyatı sadə, arzuları isə böyük deyildi. Lakin bir gün baş verən faciə onun bütün həyatını dəyişdi.

Manjinin həyat yoldaşı dağlıq ərazidə hərəkət edərkən sürüşərək yıxıldı və ağır xəsarət aldı. Təcili tibbi yardıma ehtiyacı vardı. Ancaq ən yaxın xəstəxanaya gedən yol dağın o biri tərəfində yerləşirdi. Dolama yollarla xəstəxanaya çatmaq üçün təxminən 70 kilometr məsafə qət etmək lazım gəlirdi. Ərazi əlverişsiz olduğundan nəqliyyatla hərəkət etmək də mümkün deyildi.

Təəssüf ki, qadının həyatını xilas etmək mümkün olmadı. O, vaxtında tibbi yardım ala bilmədiyi üçün dünyasını dəyişdi.

Bu faciədən sonra Daşrat Manji qeyri-adi bir qərar verdi: həyat yoldaşının ölümünə səbəb olan dağın içindən yol açacaqdı.

O, əlinə çəkic və balta götürdü. Nə texnikası vardı, nə köməkçisi, nə də maddi imkanı. Sadəcə, bir məqsədi və yaşadığı böyük itkinin ağrısı vardı.

Manji 1960-cı ildən 1982-ci ilədək, düz 22 il ərzində təkbaşına qayaları yararaq dağın içindən yol açdı. Günəşin yandırıcı istisinə, yağışa, aclığa və yorğunluğa baxmayaraq, başladığı işi yarımçıq qoymadı.

Nəhayət, zəhməti bəhrəsini verdi. O, uzunluğu təxminən 110 metr, eni isə 7 metr olan yol salmağa nail oldu. Bu yol sayəsində kənd sakinlərinin xəstəxanaya çatmaq üçün qət etməli olduğu məsafə 70 kilometrdən təxminən 15 kilometrə qədər azaldı.

Daşrat Manji bu işi şöhrət qazanmaq və ya qəhrəman adını almaq üçün görmürdü. Onun arzusu başqa insanların da vaxtında tibbi yardım ala bilməmək üzündən yaxınlarını itirməsinin qarşısını almaq idi.

Bu gün onu Hindistanda “Dağ adamı” kimi tanıyırlar. Bir vaxtlar həyat yoldaşını itirmiş, dərdini heç kimə izah edə bilməyən sadə bir fəhlə isə öz ağrısını minlərlə insanın həyatını asanlaşdıran yola çevirdi.

Çünki bəzən insanın sevgisi və iradəsi elə yollar açır ki, bunu böyük imkanlara malik qurumlar belə edə bilmir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*