Azərbaycanda pensiya sistemi ilə bağlı nələr dəyişə bilər? – Professorun AÇIQLAMASIbackend

Azərbaycanda pensiya sistemi ilə bağlı nələr dəyişə bilər? – Professorun AÇIQLAMASI

“Dünyada müşahidə olunan demoqrafik dəyişikliklər pensiya sistemlərinin gələcək dayanıqlılığı məsələsini getdikcə aktuallaşdırır. Finlandiyada minimum pensiya yaşının mərhələli şəkildə 70 yaşa çatdırılması ilə bağlı irəli sürülən təklif də məhz əhalinin yaşlanması, doğum səviyyəsinin azalması və əmək resurslarının məhdudlaşması kimi amillərlə əlaqədardır”.

Bu fikirləri AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Hazırda Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65-dir. Dünyanın əksər ölkələri kimi, Azərbaycan da demoqrafik qocalma prosesi ilə üzləşir. Əhalinin yaş strukturunda baş verən dəyişikliklər, doğum səviyyəsinin aşağı düşməsi və yaşlı əhalinin ümumi əhali arasında xüsusi çəkisinin artması gələcəkdə pensiya sisteminin üzərinə düşən maliyyə yükünü artırır. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən, Azərbaycanda 65 yaşdan yuxarı əhalinin ümumi əhalidə payı 2025-ci ildəki 9,2 faizdən 2050-ci ildə təxminən 18,1 faizə yüksələ bilər. Bu isə ölkədə demoqrafik strukturun əhəmiyyətli dərəcədə dəyişəcəyini göstərir”.

R.Sabirin sözlərinə görə, gələcəkdə pensiya yaşının artırılması məsələsinin yenidən müzakirəyə çıxarılması istisna deyil.

“ Lakin bu məsələyə yalnız demoqrafik göstəricilər əsasında yanaşmaq düzgün olmazdı. Burada əmək bazarının vəziyyəti, məşğulluq səviyyəsi, doğulanda gözlənilən ömür uzunluğu ilə yanaşı, sağlam və əmək qabiliyyətli yaşama müddəti də nəzərə alınmalıdır”.

Professor vurğulayıb ki, hazırda Azərbaycanda pensiya yaşı kifayət qədər yüksəkdir və xüsusilə qadınlar arasında onun azaldılmasına dair gözləntilər mövcuddur.

“Respublikamızda doğulanda gözlənilən ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə nisbətən azdır. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifə pensiya yaşını mexaniki şəkildə artırmaq deyil, pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlılığını təmin etməkdir. Bunun üçün qeyri-formal məşğulluğun azaldılması, sosial sığorta haqqı ödəyənlərin sayının artırılması, qadınların və gənclərin əmək bazarında iştirakının genişləndirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi kimi istiqamətlərə diqqət yetirilməlidir”.

Ekspert hesab edir ki, gələcək perspektivdə çevik pensiya modelinin tətbiqi də müzakirə oluna bilər.

“Belə ki, bütün vətəndaşların 65 yaşdan sonra eyni fiziki və əmək qabiliyyətinə malik olması mümkün deyil. Ağır fiziki əmək tələb edən sahələrdə çalışanlarla intellektual və ofis işlərində çalışanların əmək fəaliyyətini davam etdirmək imkanları əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də pensiya siyasətində peşə xüsusiyyətləri və sosial ədalət prinsipi nəzərə alınmalıdır. Vətəndaşlara müəyyən şərtlər daxilində daha gec pensiyaya çıxmaq və bunun müqabilində daha yüksək pensiya təminatı əldə etmək imkanının yaradılması belə çevik mexanizmlərdən biri ola bilər”.

Professorun fikrincə, əsas məqsəd insanları daha uzun müddət işləməyə məcbur etmək deyil, həm pensiya sisteminin maliyyə dayanıqlılığını, həm də vətəndaşların layiqli pensiya təminatını qorumaq olmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*