1793-cü ilin fevralında Parisin üzərinə ağır, rütubətli duman çökmüşdü. Böyük Fransa inqilabı şəhərin küçələrində qaynayır, ölkə qanlı qarşıdurmalar və sonsuz qurbanlar içində boğulurdu. Lakin bir insan üçün dünya artıq yalnız qaranlıq və səssiz Sent-Katrin qəbiristanlığının hüdudlarına qədər daralmışdı.
Bu insan Jorj Danton idi. Fransa xalqının qarşısında çıxış edərkən izdihamı heyran qoyan, ən sərt siyasi rəqiblərinin belə ehtiyat etdiyi əyilməz tribun.
Danton diplomatik missiya ilə olduğu Belçikadan Parisə tələsirdi. Onu geri qaytaran xəbər həyatının ən ağır zərbəsi idi: dindar, mülayim xasiyyətli həyat yoldaşı Antuanetta Qabriel ağır doğuşdan sonra vəfat etmişdi.
O, yeddi gün ərzində arabada yol gedərək Parisə çatmağa çalışdı. Lakin uzaq məsafə, yolun bərbad vəziyyəti və yaz yağışları onun qarşısını kəsirdi. Nəhayət, yorğun və taqətdən düşmüş halda evinə çatanda onu dəhşətli bir həqiqət gözləyirdi: həyat yoldaşı artıq bir həftə idi ki, dünyasını dəyişmiş və dəfn edilmişdi.
Qabrielin ölümü Dantonda yalnız dərin kədər deyil, həm də boğucu peşmanlıq hissi yaratmışdı. O, heç vaxt nümunəvi ər olmadığını yaxşı bilirdi. Coşqun və ehtiraslı təbiəti onu ziyafətlərə, şərab məclislərinə və saysız-hesabsız eşq macəralarına sürükləyirdi. Parisdə onun qadınlara olan marağı barədə çox danışılırdı. Qabriel isə evdə sakitcə ağlayır, onun üçün dua edir və hər dəfə xəyanətini bağışlayırdı.
Danton həyat yoldaşından bağışlanma diləmək istəyirdi. Lakin artıq gec idi. Onu son dəfə görmədən yaşaya bilməyəcəyini düşünürdü. Hətta ölümün soyuq əlləri Qabrielin üzünə toxunmuş olsa belə, onunla vidalaşmalı idi.
Bu düşüncənin təsiri altında Danton sübhü gözləmədi. Gecənin bir aləmində bir neçə qəbirqazanı və dostu, kar-lal heykəltəraş Klod Andre Deşanı götürərək qəbiristanlığa yollandı. Qəbirqazanlara pul verərək həyat yoldaşının təzəcə qazılmış məzarını açmağı əmr etdi.
Kürəklərin donmuş torpağa dəyməsi Dantona öz ürəyinin döyüntüləri kimi gəlirdi. Nəhayət, torpaqdan sadə taxta tabut çıxarıldı və onun qapağı açıldı. Qəbirqazanlar qarşılaşdıqları mənzərədən dəhşətə gələrək geri çəkildilər.
Məşəllərin zəif və titrək işığında Qabrielin ağ kəfənə bükülmüş cəsədi görünürdü. Torpaq altında keçən yeddi gün onun bir vaxtlar gözəl olan üzündə çürümənin ilk izlərini buraxmışdı.
Lakin bu mənzərə Dantonu dayandıra bilmədi.
O, dəhşətli bir fəryad qopararaq palçığa, tabutun yanına atıldı. Həyat yoldaşının soyuq bədənini qucağına alıb sinəsinə sıxdı. Çürümə izlərinə əhəmiyyət vermədən onun alnını, dodaqlarını və əllərini öpüşlərə qərq etdi. Bir vaxtlar Konvent qarşısında minlərlə insanı coşduran, siyasi mübarizədə heç kimə boyun əyməyən bu qüdrətli natiq indi kiçik bir uşaq kimi hönkür-hönkür ağlayırdı.
O, Qabrieldən bağışlanma diləyir, ona yaşatdığı bütün ağrılara, xəyanətlərə və diqqətsizliyə görə peşman olduğunu bildirirdi.
Həmin gecə Dantonun inqilabi dünyagörüşü də sarsılmışdı. O, köhnə rejimin və kilsə hakimiyyətinin qatı tənqidçilərindən biri olsa da, həyat yoldaşının son arzusuna hörmətlə yanaşmaq istəyirdi. Buna görə də gizli şəkildə and içməmiş katolik keşişini çağıraraq Qabrielin cəsədi üzərində kilsə qaydalarına uyğun dəfn ayininin keçirilməsini xahiş etdi.
Kədərin ilk dalğası səngiyəndə Danton həyat yoldaşının cəsədini ehtiyatla yenidən tabuta yerləşdirdi. O, bu son görüşün xatirəsinin zamanla yaddaşından silinməsini istəmirdi.
Sonra dostu, heykəltəraş Klod Andre Deşana tərəf döndü. Səssizcə işləməyə alışmış sənətkar tabutun yanına gəldi. Elə oradaca, qazılmış məzarın rütubətli torpağı və ağır qoxusu içində Qabrielin üzünə maye gips çəkərək onun ölüm maskasını hazırlamağa başladı.
Danton heykəltəraşın yanında dayanmışdı. O, sevimli həyat yoldaşının üz cizgilərinin ağ gipsin altında tədricən donmasına baxırdı.
Bu ölüm maskası əsasında Deşan sonralar Qabrielin terrakotadan büstünü hazırladı. Beləliklə, onun üz cizgiləri və xatirəsi gələcək nəsillər üçün qorunub saxlanıldı.
Bu hadisədən düz 100 il sonra, 1893-cü ildə fransız rəssam Jozef-Noel Silvestr həmin dəhşətli gecəni kətana köçürdü.
1847-ci ildə Fransanın cənubundakı Bezye şəhərində anadan olan Silvestr akademik rəssamlığın tanınmış nümayəndələrindən biri idi. O, tarixin qaranlıq, qəddar və faciəli məqamlarını əks etdirən monumental tabloları ilə məşhurlaşmışdı. Rəssamın “Romanın vestqotlar tərəfindən talan edilməsi”, “Senekanın ölümü” və “Lokusta zəhəri sınaqdan keçirir” kimi əsərlərində qan, ölüm və insan ehtirasları xüsusi dramatizmlə təsvir olunurdu.
Dantonun həyatından bu epizoda müraciət etməsi də təsadüfi deyildi. XIX əsrin sonunda Fransa Böyük İnqilabın 100 illiyini qeyd edirdi. Cəmiyyətdə inqilabın liderlərinə, onların şəxsi həyatına və tarixi roluna maraq yenidən artmışdı.
Lakin Silvestr inqilab qəhrəmanının təntənəli portretini yaratmaq istəmirdi. Onu daha çox qüdrətli siyasi xadimin bütün gücünü itirdiyi, kədər və peşmanlıq qarşısında aciz qaldığı an cəlb edirdi.
Rəssam Dantonu minlərlə insanın qarşısında çıxış edən sərt tribun kimi deyil, sevdiyi qadını itirmiş, vicdan əzabı ilə sarsılmış bir ər kimi təsvir etdi. Ölümün soyuqluğu, gecənin qaranlığı və insan iztirabının dərinliyi əsərin əsas emosional xəttini təşkil edirdi.
“Danton arvadının cəsədini qucaqlayır” adlı tablo bu baxımdan rəssamın ən diqqətçəkən əsərlərindən birinə çevrildi. Əsər böyük inqilabçının tarixdəki siyasi obrazından kənara çıxaraq onun ən kövrək, ən insani və ən ağrılı anını əks etdirirdi.
Bu hekayənin ən sarsıdıcı tərəfi isə budur: minlərlə insanı sözləri ilə ayağa qaldıra bilən, siyasi mübarizədə heç kimdən çəkinməyən Danton öz həyatının ən böyük faciəsi qarşısında tamamilə aciz qalmışdı. O, bir qadının sevgisini itirdikdən sonra onu geri qaytarmağın mümkünsüzlüyünü yalnız ölümün qarşısında anlayırdı.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
