Qazaxın 3 kəndi və Kərki məsələsində kritik mərhələ – “Azərbaycan geri çəkilməyəcək”backend

Qazaxın 3 kəndi və Kərki məsələsində kritik mərhələ – “Azərbaycan geri çəkilməyəcək”

Azərbaycanın Ermənistan ərazisində qalan anklav kəndlərinin geri qaytarılması məsələsi uzun müddətdir iki ölkə arasında müzakirə olunan əsas mövzulardan biridir.

Bəs Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması nə vaxt mümkün olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu məsələ Azərbaycanın gündəliyində daim prioritet istiqamətlərdən biri olaraq qalır.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… |  KONKRET

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbədən sonra Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması mühüm hadisə olub:

“Xüsusilə Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması mühüm hadisə oldu. Hazırda Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələlər gündəmdədir. Azərbaycan bu kəndlərin də geri qaytarılması üçün səylərini davam etdirir və bu məsələdən bir an belə vaz keçmədiyini hər addımda nümayiş etdirir”.

C.Abbaslı qeyd edib ki, Ermənistan tərəfi isə bunun müqabilində Başkənd məsələsini gündəmə gətirir. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması prinsipinə əsaslanır.

“Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştə gedilməyəcək. Ona görə də Başkəndlə bağlı müəyyən müzakirələr və narazılıqlar olsa da, düşünürəm ki, bu ərazi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qalacaq. Başkənd strateji mövqeyinə görə də böyük əhəmiyyət daşıyır. Azərbaycan bu məsələdən geri çəkilən tərəf olmayacaq”.

Siyasi şərhçinin fikrincə, Qazaxın 3 kəndi və Kərki kəndinin Azərbaycana qaytarılması istiqamətində diplomatik səylər bundan sonra da davam etdiriləcək.

“Azərbaycan bu torpaqlardan vaz keçməyəcək. Düşünürəm ki, yaxın gələcəkdə həmin ərazilərin də Azərbaycanın nəzarətinə keçməsinin şahidi ola bilərik”.

C.Abbaslı vurğulayıb ki, bir müddət əvvəl Qazaxın 4 kəndinin razılaşma yolu ilə Azərbaycana qaytarılması da çoxları üçün gözlənilməz idi.

“Lakin Azərbaycan pərdəarxası diplomatik masada öz mövqeyini ortaya qoydu və nəticədə bu uğura nail oldu. Düşünürəm ki, Qazaxın 3 kəndi və Kərki kəndi ilə bağlı da diplomatik səylərin nəticəsini yaxın gələcəkdə görə bilərik.

Ancaq bunun bu il, yoxsa gələn il baş verəcəyini indidən dəqiq söyləmək çətindir. Ermənistan tərəfi isə buna paralel olaraq Başkənd məsələsini qabardır. Bu məsələlərin yekun həlli iki ölkə arasında aparılan danışıqların gedişindən asılı olacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*