Qazaxıstanın iki ən böyük şəhərində ölkədə qadağan olunmuş hərəkatın hökumət əleyhinə etiraz aksiyası keçirildiyi meydanlarda onlarla insan tutulub.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həbslər bölgələrdə də aparılıb.
Polis Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində və Almatıda 26 nəfəri saxlayıb. Onlar Qazaxıstanda “çin istismarına” etiraz edərək Çində təqib olunan etnik qazaxların qorunmasını və Qazaxıstandakı siyasi repressiya qurbanlarının sərbəst buraxılmasını tələb ediblər.
Qazaxıstanın cənubundakı Şımkentdə və Aktobe şəhərində də bir neçə nəfər saxlanılıb.
Şənbə günü Qazaxıstan məhkəməsi tərəfindən qadağan edilmiş və ekstremist hərəkat kimi tanınan “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı hökumət əleyhinə aksiya elan edib. Səhər tezdən hərəkat tərəfindən etirazlar üçün məkan olaraq seçilmiş yerlərdə polis əməkdaşları, xüsusi təyinatlılar keşik çəkiblər, avtomobillərin hərəkətinə isə məhdudiyyət qoyulub.
Qazaxıstanın ən böyük iki şəhəri olan Almatı və Nur-Sultanda günortadan həbslər başlayıb. Sosial şəbəkələrdə onlarla insanın həbs olunması barədə statuslar yayılıb. Həbs olunanlar güc tətbiq olunmaqla avtobuslara doldurulublar və naməlum istiqamətə aparılıblar.
Bəziləri həbs olunmadan əvvəl “Çin genişlənməsinə” və Qazaxıstanda Çinlə ortaq müəssisələrin açılmasına qarşı olduqlarını söyləyiblər.
