Azərbaycanda qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlar son dövrlərdə yenidən gündəmə gəlib. İstehlakçıların müxtəlif qidaların tərkibi, markalanması və keyfiyyəti ilə bağlı şikayətləri, eləcə də ayrı-ayrı məhsullarda uyğunsuzluqların aşkarlanması qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmlərinin effektivliyi məsələsini aktuallaşdırır.
Bəs qida təhlükəsizliyinin təmin olunması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsullara nəzarət etmək, onların ekspertizasını həyata keçirmək, laborator müayinələr aparmaq və məhsullardan nümunələr götürmək kimi geniş səlahiyyətləri var.

“Bu səlahiyyətlərdən istənilən vaxt istifadə etmək mümkündür. Amma məsələ ondadır ki, AQTA-nın yalnız istehlakçı narazılığı və ya şikayəti yarandıqdan sonra hərəkətə keçməsi düzgün yanaşma deyil”, – ekspert bildirib.
İ.Şirinovun sözlərinə görə, qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmi hadisədən sonra müdaxilə etmək deyil, problemlərin əvvəlcədən qarşısını almaq prinsipi üzərində qurulmalıdır:
“İnsan hansısa qidadan zəhərləndikdən, məhsulun tərkibindən şikayət etdikdən və ya ciddi narazılıq yarandıqdan sonra hərəkətə keçmək düzgün yanaşma sayılmır. Əvvəlcədən müayinələr aparılmalı, mütəmadi monitorinqlər həyata keçirilməlidir. Məqsəd pozuntunu baş verdikdən sonra aşkar etmək yox, onun qarşısını almaq olmalıdır”.
Ekspert AQTA ilə qida sahəsində çalışan müstəqil ekspertlər arasında əməkdaşlığın gücləndirilməsinin də vacib olduğunu vurğulayıb. Onun fikrincə, mütəxəssislər Agentliyin fəaliyyətinə müdaxilə edən tərəf kimi deyil, qida təhlükəsizliyinin təmin olunmasına dəstək verən mexanizm kimi qiymətləndirilməlidir:
“Sanki AQTA ekspertlərə, Agentliyə kömək etmək və müəyyən problemləri diqqətə çatdırmaq istəyən mütəxəssislərə mənfi obraz kimi baxır. Əslində ekspertlərin AQTA-nın işinə müdaxilə etmək kimi niyyəti yoxdur. Onlar AQTA üçün bir növ dayaq rolunu oynayırlar. Çalışırlar ki, hər hansı məhsulla bağlı narazılıq yaranmamışdan əvvəl problem barədə məlumat versinlər”.
İ.Şirinov həmçinin AQTA-nın ictimaiyyətlə məlumatlandırma işinin gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, cəmiyyət yalnız məhsul məhv edildikdən və ya sahibkara cərimə tətbiq olunduqdan sonra məlumatlandırılmamalıdır:
“Biz mütəmadi olaraq AQTA-nın hər hansı məhsulla bağlı mediaya məlumat verdiyini görmürük. Əksər hallarda hansısa məhsulun məhv edilməsi ilə bağlı məlumat yayılır. Məhsulun istehsal prosesinin əvvəlcədən yoxlanılması, onun tərkibinin araşdırılması barədə isə ictimaiyyətə kifayət qədər məlumat verilmir”.
Ekspert cərimələrin də təkbaşına effektiv nəticə vermədiyini düşünür. Onun fikrincə, eyni pozuntuların təkrar baş verməsi nəzarət mexanizmlərinin effektivliyinin yenidən qiymətləndirilməsini zəruri edir:
“Cərimələr tətbiq olunur, amma cərimədən nə qədər müddət sonra eyni şikayətin yenidən ortaya çıxdığına baxmaq lazımdır. Yaxınlarda at əti məsələsində bunu müşahidə etdik. Bir il əvvəl at ətinə görə cərimə tətbiq olunmuşdu, daha sonra eyni halın təkrarlandığı barədə məlumatlar yayıldı. Bu göstərir ki, AQTA yalnız cərimə yazmaqla kifayətlənməməlidir”.
İ.Şirinov hesab edir ki, AQTA-nın əsas funksiyalarından biri sahibkarları cəzalandırmaqdan daha çox, onların qanunvericiliyin tələblərinə əməl etməsinə kömək etmək olmalıdır:
“AQTA cərimə yazan qurum kimi fəaliyyət göstərməməlidir. Sahibkarın yanında olan, ona düzgün istiqamət verən qurum olmalıdır. Agentlik sahibkarlara məhsul istehsalının təhlükəsiz təşkili, markalanma və digər məsələlərlə bağlı məsləhətlər verməlidir. Müəssisələrdə mütəmadi monitorinqlər keçirilməlidir”.
Ekspert xüsusilə kolbasa və digər emal olunmuş qida məhsullarının tərkibi ilə bağlı monitorinqlərin artırılmasını vacib hesab edir:
“Bu gün kolbasaların tərkibindən danışanda ürəkaçan mənzərə görmürük. Kolbasaların tərkibində yad cisimlərin aşkarlanması ilə bağlı mütəmadi məlumatlar yayılır. Eyni zamanda, kolbasa istehsalı ilə məşğul olan müəssisələrin sayı artır. Buna görə də həmin məhsulların tərkibinə, istehsal prosesinə və markalanmasına daha ciddi nəzarət edilməlidir. Bəzən hətta məhsulun markalanmasında yanlışlıqlara yol verilir və AQTA yalnız müştəri şikayətindən sonra hərəkətə keçir.
AQTA məhsulların tərkibində istifadə olunan qida əlavələri barədə cəmiyyətə daha geniş məlumat verməlidir. Məsələn, palma yağı ilə bağlı müzakirələr aparılır. Burada əsas məsələ palma yağının istifadə olunub-olunmaması deyil, hansı məhsulda, hansı miqdarda və hansı tələblər çərçivəsində istifadə edilməsinin ictimaiyyətə izah olunmasıdır”.
Ekspert süd məhsullarında bitki yağlarından istifadənin və bunun markalanmada necə göstərilməsinin istehlakçıya aydın şəkildə çatdırılmasının da vacibliyini qeyd edib:
“Biz yerli istehsalı genişləndirməliyik. Südün emal olunaraq kərə yağına çevrilməsi, keyfiyyətli süd məhsullarının istehsalı və satışının təşkili diqqətdə saxlanılmalıdır. Bu gün 4-5 manata satılan pendirlərin, 2 manata satılan şorların tərkibinə nə qədər bitki yağı əlavə olunur? Hansı bitki yağından istifadə edilir? Markalanmada isə sadəcə “bitki yağı” yazılır. Onun konkret adı və xüsusiyyətləri barədə istehlakçıya kifayət qədər məlumat verilmir”.
İ.Şirinovun fikrincə, qida məhsullarının tərkibi və təhlükəsizliyi ilə bağlı məlumatların şəffaf şəkildə təqdim olunması həm istehlakçı hüquqlarının qorunması, həm də əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Ekspert hesab edir ki, qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmi şikayət əsasında fəaliyyət göstərən modeldən preventiv və sistemli monitorinq modelinə keçirilməlidir. Bunun üçün istehsal müəssisələrində planlı yoxlamaların, laborator müayinələrin və məhsul nümunələrinin götürülməsinin artırılması, pozuntuların təkrar baş verməsinin səbəblərinin araşdırılması, eləcə də monitorinqlərin nəticələri barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
