Rusiya Tacikistan və Qırğızıstandakı bazalarının döyüş hazırlığını artırır.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi rəhbərlərinin görüşündə bildirib.
O qeyd edib ki, Əfqanıstanda terror təşkilatları fəallaşır. Buna görə də, Mərkəzi Asiyada vəziyyət ciddi təhlükəsizlik problemi olaraq qalır.
“Sosial-iqtisadi vəziyyət pisləşir, dini radikalizm ideologiyası aşılanır, narkotiklərin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlıq çoxalır”, – rusiyalı nazir deyib.
Qeyd edək ki, Qırğızıstanda Rusiyanın birgə hərbi bazası yerləşir. Bura Kant aviabazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin bazası daxildir.
Tacikistanda isə Rusiyanın 201-ci hərbi bazası yerləşir.
Məlumata görə, “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstandan Mərkəzi Asiyaya narkotik vasitələrin daşınması artıb. 2022-ci ilin birinci rübündə Tacikistanda 14,5 dəfə çox əfqan narkotiki ələ keçirilib.
İqbal Rzayev,
KONKRET.az
