Məhərrəmlik ayında toy mərasimlərinin sayının azalması və zinət əşyalarına tələbatın nisbətən aşağı düşməsi fonunda qızıl qiymətlərində ucuzlaşmanın olub-olmayacağı maraq doğurur.
Bəs bu dövrdə bazarda qiymətlərin enməsi gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Məhərrəmlik ayının qızılın qiymətinə ciddi təsiri yoxdur.

Onun sözlərinə görə, qızılın dəyəri beynəlxalq bazarlarda formalaşır:
“Hazırda mağazalarda vəziyyətin necə dəyişəcəyini dəqiq demək çətindir. Lakin Məhərrəm ayının qızıl qiymətlərinə heç bir təsiri yoxdur. Qızılın qiyməti dünya bazarında müəyyənləşir. Bu sahədə əsas amillər ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal inflyasiya, beynəlxalq iqtisadi qeyri-müəyyənliklər və geosiyasi gərginliklərdir. Dini ayların və ya mərasimlərin qızılın qiymətinə təsiri yoxdur”.
Ekspert qeyd edib ki, zinət əşyalarının qiyməti təkcə qızılın dəyərindən asılı deyil:
“Zinət məmulatlarının hazırlanmasında digər materiallar da istifadə olunur. Bundan əlavə, istehsal xərcləri, əməkhaqqı, vergilər və digər amillər qiymətə təsir göstərir. Bu məhsullar tez xarab olan və ya qısa müddətdə dəyərini itirən mallar deyil. Ona görə də əvvəlcədən məlum olan və hər il təkrarlanan hadisələrə xüsusi reaksiya vermirlər”.
X.Kərimli vurğulayıb ki, Məhərrəmlik və Ramazan ayı kimi dövrlərin qızıl və zinət əşyalarının qiymətlərinə təsiri əhəmiyyətsiz səviyyədədir.
Beləliklə, ekspertin qənaətinə görə, Məhərrəmlik ayında toyların azalması qızılın ucuzlaşacağı anlamına gəlmir və qiymətlərin dəyişməsi əsasən qlobal iqtisadi proseslərdən asılı olaraq formalaşır.
Aynurə İsmayıl
KONKRET.az
