İnflyasiyanın yüksək olduğu dövrlərdə vətəndaşların ən çox düşündüyü məsələlərdən biri də illərlə topladıqları vəsaitin dəyərini necə qorumaqdır. Qiymət artımı fonunda pulların alıcılıq qabiliyyəti azalarkən, əmanətlərin hansı formada saxlanılmasının daha sərfəli olduğu ilə bağlı müzakirələr də intensivləşir.
Bəs belə şəraitdə depozit, xarici valyuta, qızıl, daşınmaz əmlak və digər investisiya vasitələrindən hansına üstünlük verilməlidir?
KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, uzunmüddətli perspektivdə ən etibarlı gəlir gətirən aktiv qızıldır.

Qızılın qiyməti uzun illərdir artım tendensiyası nümayiş etdirir və inflyasiya dövründə vəsaitin dəyərinin qorunması baxımından ən güclü alətlərdən hesab olunur.
Çünki qızılın qiyməti daim artır. Lakin onun da müəyyən çətinlikləri var. Fiziki qızılın saxlanılması təhlükəsizlik baxımından risklidir və xüsusi şərait tələb edir”, – deyə o, vurğulayıb.
Ə.Həsənov qeyd edib ki, bank depozitləri də alternativ variant hesab olunsa da, milli valyutada yerləşdirilən əmanətlər devalvasiya riski daşıyır.
“Əgər depozit manatla yerləşdirilibsə və sonradan devalvasiya baş verərsə, vətəndaşın vəsaitinin real dəyəri azalacaq. Xarici valyutada depozitlər isə daha təhlükəsiz sayılsa da, onların faiz gəlirləri kifayət qədər aşağıdır”, – ekspert bildirib.
İqtisadçı daşınmaz əmlak bazarı ilə bağlı da ehtiyatlı olmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, hazırkı qiymət səviyyəsi fonunda yaxın bir neçə ildə bu bazarda ucuzlaşma ehtimalı istisna deyil.
“Bir neçə ildən sonra daşınmaz əmlakın qiymətinin enməsi ehtimalı yüksəkdir. Bundan başqa, bu sahədə likvidlik və digər bazar riskləri də mövcuddur. Buna görə də daşınmaz əmlakı tam təhlükəsiz investisiya hesab etmək doğru olmaz”, – deyə Əkrəm Həsənov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
