Qoca Co Bostondakı erməni arxivinə niyə getmədi: indi isə oradakı hər qovluqda onun “istefa ərizəsi” yatırbackend

Qoca Co Bostondakı erməni arxivinə niyə getmədi: indi isə oradakı hər qovluqda onun "istefa ərizəsi" yatır

Ağ Ev sahibi Bostondakı erməni arxivində əl atdığı ilk qovluqdaca “genosid”in türklər tərəfindən ermənilərə qarşı deyil, məhz ermənilər tərəfindən türklərə qarşı törədildiyini sübut edən faktlar ilə üzləşəcəkdi; Hətta onun ABŞ tərəfindən ən yaxın dövrlərdə törədilən və milyonlarla günahsız insanın qətlə yetirilməsi ilə nəticələnən hərbi cinayətləri xatırlayıb, susması da səhv davranış olmayacaqdı…

ABŞ prezidenti Co Bayden 24 apreldə “tarixçi funksiyası”ndan çıxış etmək istədi. “Genosid” dedi, erməniləri sevindirdi. Bundan ABŞ nə qazandı?

Bu suala hazırda birmənalı cavab vermək tezdir. Çünki ABŞ-ın nəsə qazandığı olduqca müəmmalı xarakter daşıyır. Ancaq itirdiyi və ya gələcəkdə də itirə biləcəkləri elə indidən nəzərə çarpır.

Təbii ki, Ağ Ev sahibi həmin kəlməni tələffüz etməsəydi, daha yaxşı olardı. Ancaq artıq bu, baş verib. Qoca Co böyük bir səhv edib, öz ölkəsi üçün müəyyən problemlər yaradıb. Və bundan sonrasını da elə qoca Co özü düşünməlidir.

İndiyə qədər ABŞ-dan başqa da bəzi ölkələr “erməni sərsəmləməsi” ilə siyasi hoqqabazlıq etməyə çalışıblar. Ancaq indiyə qədər nəyəsə nail ola bildiklərini iddia edə bilməzlər. Çünki tarixi siyasətə alət etmək müasir dünyada mənasız məğlubiyyətdir.

Vaxtilə başqa bir ABŞ prezidenti Ronald Reyqan da “genosid” demişdi, ancaq çox qısa zaman içərisində bu sözünü geri götürməli oldu. Çünki Türkiyə ABŞ-a NATO-dan ayrıla biləcəyini xatırlatdı. Ağ Ev sahibi də sözünü yeməli oldu.

Əlbəttə, yəqin ki, Türkiyənin yenə də ehtiyat planı olmamış deyil. Zamanı gəldiyində qoca Co etdiyi səhvin nəticələri ilə üzləşmək məcburiyyətində qalacaq. Və bu baxımdan, itirən heç şübhəsiz ki, məhz ABŞ olacaq.

Əslində, qoca Co gözlənilməz nəsə etməyib. Hələ hakimiyyətə gəlməmişdən öncə onun “erməni sərsəmləməsi”nə ayaq uyduracağı məlum idi. Üstəlik, açıqlamadan bir gün öncə bu barədə Türkiyənin siyasi dairələrini məlumatlandırmışdı. Və artıq bundan sonrası daha böyük maraq doğurur.

Əvvəlcə onu qeyd edək ki, qoca Co öz dedikləri ilə Türkiyəyə elə bir ciddi siyasi və ya hüquqi problem yaratmayıb. Çünki hüquqi məsuliyyət qoca bir prezidentin dedikləri ilə yaranmır. Hələ deyilənləri tarixi faktlarla sübut etmək də lazımdır. Faktlar isə arxivlərdə yatır, deməli, əvvəlcə onları açıqlamaq lazım gələcək.

Türkiyə öz arxivlərini artıq tarixçilərin üzünə açıb və “genosid” ilə bağlı faktların olmadığına əmindir. İndi növbə sərsəm iddiaların müəlliflərindədir. Əgər, sərsəm iddialarından əmindirlərsə, arxivlərini açmalıdırlar; faktları toplayıb, beynəlxalq məhkəməyə müraciət etməlidirlər. Çünki məhkəmələr qoca Conun dediklərinə deyil, faktlara güvənir.

Bəlkə də qoca Conun ən böyük səhvi məhz dünyada arxiv deyilən bir yerin olduğunu unutmasıdır. Məsələn, qoca Co “genosid” kəlməsini tələffüz etməzdən əvvəl cəmisi bircə dənə tarixi fakt tələb etsəydi, yəqin ki, dünya və ABŞ tarixinə “erməni sərsəmləmələri”nə qurban getmiş yalançı prezident kimi düşməzdi.

Ancaq Ağ Ev sahibinin belə bir səhvi buraxmamaq üçün əlində kifayət qədər imkanlar da var idi. Ancaq istifadə etmədi, həm özünü, həm də ölkəsini çətin vəziyyətə saldı.

Halbuki qoca Co o qədər də böyük əziyyətə düşməyəcəkdi. Sadəcə, hər mindiyində pilləkənlərində 3-4 dəfə yıxıldığı prezident təyyarəsi ilə Vaşinqtondan Bostana uçacaqdı. Bostonda isə erməni terrorizminin nüvəsini təşkil edən “Daşnaksütyun” partiyasının qapalı arxivinə gedəcəkdi. Yəqin ki, bir ABŞ prezidenti hansısa qapalı erməni arxivini açdıra bilməyəcək qədər aciz olmaz.

Arxivə girdikdən sonra isə yalanlar üzərindən uydurulan qondarma “erməni soyqırımı” ilə bağlı bütün həqiqətləri bilən ilk qeyri-erməniyə çevriləcəkdi. Çünki qoca Co Bostondakı həmin erməni arxivində əl atdığı ilk qovluqdaca “genosid”in türklər tərəfindən ermənilərə qarşı deyil, məhz ermənilər tərəfindən türklərə qarşı törədildiyini sübut edən faktlar ilə üzləşəcəkdi.

Ancaq qoca Co tənbəllik elədi, bəlkə də ümumiyyətlə, ona belə lazım idi. Erməni yalanları üzərindən ABŞ-ın “böyük siyasət”ini qura biləcəyini düşündü. Ancaq erməni yalanları heç ermənilərin özlərinə bir fayda vermədiyi halda, ABŞ-a nə xeyir gətirə bilər…

İndi qoca Co hara getsə, erməni yalanları onu izləyəcək, ardınca sürünəcək. Hər halda, bundan sonra ABŞ-ın dünya üzərində törətdiyi hərbi cinayətlər barədə daha tez-tez danışılacaq. Belə cinayətlər isə həddindən artıq çoxdur. Və ən azından Türk dünyası bunu vaxtaşırı gündəmə gətirib, dünyaya xatırladacaq.

Üstəlik, ABŞ-ın törətdiyi hərbi cinayətlər qondarma “erməni soyqırımı” kimi uydurma deyil, son illərdə baş vermiş reallıqlardır. Nobel mükafatçısı, biokimyaçı alim Aziz Sancar ABŞ-ın Los-Anceles şəhərində alış-veriş edərkən, satıcı qız ondan soruşub: “Siz haralısınız?” Türk alim “Türkiyəliyəm, türkəm” deyə cavab verib. Satıcı qız “Midnight Express” filmini izlədim, siz türklər faşistsiniz” deyə, ittiham edib. Ancaq türk alim heç əhvalını pozmadan sərrast cavab verib: “Xanım, mən isə Naqasaki və Xirosimanı izlədim. Amma bu, film deyildi”.

ABŞ hər kəsi İttiham edir, indi də Türkiyəni, daha doğrusu, Osmanlını “genosid” törətməkdə suçlayır. Ağ Evdəkilər, ilk növbədə də qoca Co bir də ABŞ-ın törətdiklərinə baxsa, yaxşı olardı. Çünki, uydurulmamış əsl “genosid”in necə olduğunu və hansı ölkə tərəfindən törədildiyini xatırlaması onun üçün faydalı ola bilər.

ABŞ-ın törətdiyi dəhşətli soyqırımların sırası isə kifayət qədər genişdir. ABŞ-da 15 milyondan artıq aborigen hindular qətliama məruz qoyulub, bu irqin demək olar ki, kökü kəsilib. Vaxtilə Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kambocca və Laosda 1 milyon, Əfqanstanda 1,5 milyon, Xirosima və Naqasakidə 350 min, İraqda və Suriyada bir milyon günahsız insanı qanına qəltan edib.

Əlbəttə, bütün bunlar heç də hamısı deyil. Ancaq elə bu örnəklər də yetərlidir. Bəlkə də qoca Co heç kimin bütün bunlardan xəbəri olmadığını düşünə bilər. Ancaq bu, qoca Conun növbəti səhvlərindən biri olardı. Çünki dünyada hər kəs hər şeyi çox yaxşı görür.

Yalnız qoca Co həqiqətləri görmək istəmir və yalanlara üstünlük verir. Əks halda, özünün hələ dünyaya göz açmadığı dövrün hadisələrini heç bir elmi araşdırma aparılmadan “genosid” adlandırmazdı. Sadəcə, ABŞ tərəfindən ən yaxın tarixdə törədilmiş və özünün də şahid olduğu cinayətləri xatırlayıb, susardı.

Ancaq susmadı və özünü erməni yalanlarının əsirinə çevirdi. Əgər, “genosid” demədən Bostandakı erməni arxivinə getsəydi, ABŞ-ın maraqlarını gələcək problemlərdən yayındırmaq imkanı qazanacaqdı.

Bundan sonra getsə də, ABŞ-ın mənafeləri baxımından, elə də çox şey dəyişməz. Hər halda, indi Bostandakı erməni arxivinin hər qovluğundan, yalanlara girov düşən qoca Co üçün biabırçı məzmunlu “istefa ərizəsi” tapmaq mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*