Qorxmaz İbrahimli: “Qrunt suları harada varsa, drenajlar vasitəsilə kanalizasiyalara və ya dənizə axıdılmalıdır”backend

Qorxmaz İbrahimli: “Qrunt suları harada varsa, drenajlar vasitəsilə kanalizasiyalara və ya dənizə axıdılmalıdır”

Son günlər yağan intensiv yağışlardan sonra bir sıra ərazilərdə qrunt sularının səviyyəsi yüksəlib. Nəticədə bəzi yaşayış məntəqələrində həyətlər və evlər su altında qalıb, sakinlər ciddi çətinliklərlə üzləşiblər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, yağış və qrunt suları arasında fərqlər mövcuddur.

Onun sözlərinə görə, yağıntılardan sonra yağış suları toplanır, çünki betonlaşma ucbatından yağışın gedəcək yeri yoxdur: “Yaranan vəziyyət faktdır və buna Bakı və Abşeron yarımadasında təəssüf edərək şahidlik etdik. Tunellərdə suyun dolması, kanalizasiyaların düzgün işləməməsi bu suların çəkilməsinə heç bir şərait yaratmır. Fövqaladə Hallar Nazirliyinin pompaları ilə ordan-ora burdan-bura vurmağın mənası yoxdur. Sonda hamısı dənizə axıdılaraq müəyyən formada  azaldılır, havalar isti keçəndə buxarlanıb keçir. Yağış sularının heç bir zərəri yoxdur. Evlərin su içində qalması, küçələrin gölə çevrilməsi isə təbii ki zərərlidir. Bu artıq şəhər təsərrüfatının, infrastrukturunun düzgün qurulmamasının göstəricisidir. Bu gün müasir dünyada yağış suyu rezervuarları, süngər asfaltlar tətbiq edilir. Türkiyədə, həmçinin iri şəhərlərin əksəriyyəti yağış sularının hesabına  barajlara yığılmış sularla qidalanır. Uzun müddət iri şəhərləri bu yolla kəsintisiz su ilə təmin edir. Yağış sularının o qədər toplanma yeri var ki, kəsintisiz istifadə edilə bilir”.

Q.İbrahimli vurğulayıb ki, qrunt suları isə əksinə çox zərərlidir: “Daim drenajlar vasitəsilə axıdılmalıdır. Çünki torpağın şoranlaşmasında qrunt sularının bilavasitə iştirakı var. Qrunt suları da tərkibinə görə ölü, zərərli su hesab edilir. Duzlarla zəngin su olduğuna görə faydalı deyil. Bu səbəbdən qrunt suları harada varsa, drenajlar vasitəsilə kanalizasiyalara və ya dənizə axıdılmalıdır ki, orada artıq digər su ilə qarışsın və zərəri getsin. Qrunt suları daha çox Mərkəzi Aran bölgələrimizdə var. Çünki orada Mingəçevir su anbarının təsiri altında Şirvan, Qarabağ kanallarının keçdiyi ərazilərdə, Kür suyunun subasarlarında daim su səviyyəsi qalxdığına görə, torpağın tərkibi dəyişir, bitkiləri qurudur və yetişmir, səhralaşmaya səbəb olur. O duzlar duzlaşmağa, səhralaşma yaradır və bununla da torpağın keyfiyyəti itir. Belə suların hamısı drenajlar vasitəsilə kanallar düzəldilir və dənizə qədər axıdılır. Artıq yeni texnologiya ilə qrunt sularını da şirin suya çevirmək mümkündür. Ən azından təsərrüfatda, suvarmada, məişətdə istifadə olunacaq səviyyədə şirinləşdirilə bilər. Qrunt suları yağışla birbaşa əlaqəli deyil. Yağışın hesabına torpaqda su çoxalır və qrunt sularının səviyyəsi qalxır. Bu da drenaj və kanallarla axıdılmalıdır. Bu isə bələdiyyə və icra nümayəndələrinin işidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*