“Ramiz Mehdiyevin əlaltıları yuxularıma zəhər qatmaqdan doymurlar” – Sabiq deputatbackend

"Ramiz Mehdiyevin əlaltıları yuxularıma zəhər qatmaqdan doymurlar" - Sabiq deputat

Eldar Sabiroğlu

Siyasətdə olmağı arzulamırdım. Heç arzulamırdım. Gəncliyimdən belə düşündüm. Ədəbiyyat və tarix elminə hədsiz marağım vardı. Qeyri təvazökar səslənsə də, böyük töhfələr verə bilərdim. Lakin gəlib düşdüm siyasətin toruna. İtirdiklərim oldu. İnanıb ürək verdiyim adamlardan pisliklər gördüm. 5 qəpiyə satdılar. Nə isə. Keçənə güzəşt deyib babalar.

19 yaşında ikən qapısını döydüyüm jurnalistika peşəsi sonralar özüm də bilmədən məni siyasətə gətirdi. Keşkə bu gün heç olmayaydı. Hesablasaq, artıq 46 il eliyir ki, yazı-pozularımla iki cinahda əsgərlik yapır və yapmaqda davam edirəm. Ərköyün uşaqlar kimi sözün və qələmin “tərs sifətindən” həmişə  ehtiyat etmişəm. Yarım əsrə bərabər silahdaşlıq etdiyim jurnalistika mənə  həm də siyasətin qaydalarını aşıladı. Etiraf etməyə gərək var.

İşlədim, uğurlarımla yanaşı yanlışlıqlarım da oldu. Hər şeyə görə sözə və qələmə borcluyam. Həyatımda nələri itirdimsə, onu da  sözün və qələmin mənə kəsdiyi cəzaların ayağına yazıram. Söz və qələm taleyimin bütün anlarında mənim üçün ən mötəbər hakim rolunu oynadı.

Çapa vermədiyim bir yazım var ki, orada həyatın ağır dərslərindən, bağışlanılmaz səhvlərimdən, ətrafımdakı satqınları vaxtında görə bilməyib onlara yol açdığıma görə çəkdiyim peşmançılığın maraqlı anlarından danışıram. Özüm problem içərisində ola-ola İlham Əliyevdən birilərinə kömək göstərməsini və onu qəbul edib dinləməsini xahiş edirdim.

Siyasət canavarları və əzrayılları da öz növbəsində ayaqlarımın altına çınqıl daşları itələyib məni dayandırmağa, sıradan çıxarmağa və ruhdan salmağa çalışırdılar. Mən tək idim, onlar çox. İndi olduğu kimi!!! Pul da, səlahiyyət də, bir əmrlə zindana atmaq görəvi də onların ixtiyarında… Mənim kimilər onlara lazım deyildi.

Akademiyanın hazırkı prezidenti və bu elm məbədinə ağıl və zehniyyəti ilə qəti uyğun gəlməyən Ramiz Mehdiyevin əlaltıları yuxularıma zəhər qatmaqdan doymurlar. Başıma hər işi gətirdilər. Bir Vəzirovçu vardı, o getdi fikirləşdim təqib və tənələr azalar. Əksinə gücləndi. Mənə və ailə üzvlərimə hər ay bir problem yaradırlar. Yazanda da düşmən oluram.

Qəribəsi budur ki, bir dövlət məmurunu tənqid edərkən dərhal həmin şəxs qisasını asanlıqla almaq üçün aparıb prezidentə bağlayırlar. Mehdiyevin bu təcrübəsi saysız-hesabsız evlər yıxıb. Özü azmış, indi onun ardıcılları da baş kəsmək işində bu təcrübədən bəhrələnirlər.

Hakimiyyətdə güc sahibi olduğu vaxtlardan indiyədək Mehdiyevə baş əymədim. Çünki ölkəmdə bir hakim tanıyır və şəxsiyyətinə səcdədə dayanırdım. Buna görə qılınclasalar da,  düşüncəmdən məni ayırmaq çətindir. O, tariximizin böyük şəxsiyyəti Heydər Əliyevdir. Və gəncliyimin yaddaşıdır. Əslində mənim yerimə kim olsa idi, bu zülmlər qarşılığında Heydər Əliyevə sevgini unutdura bilərdi. Ancaq mənə zərrəcə təsiri olmadı. Bu gün Heydər Əliyevi söyənlərin və onu təhqir edən əclafların süfrə başına gətirilmələrinə baxmayaraq Heydər Əliyevə münasibətim dəyişməzdir. Çünki o, xarakter sahibi idi. Dost və düşməninə qiymət verməyi bacaran lider idi.

Yeri gəlmişkən, bir hadisə barədə danışmaq istərdim. Rəhmətlik İsgəndər Həmidovun bacısı Ulduz xanım qardaşının həbsxanadan azad edilməsi xahişi ilə Heydər Əliyevin qəbuluna düşmək istəsə də, alınmırdı. Ulduz xanım boyük şairimiz Bəxtiyar Vahabzadədən kömək istəyir. Bəxtiyar müəllim dövlət başçısına onun xahişini çatdırır. Heydər Əliyev Bəxtiyar Vahabzadəyə deyir ki, mən o qadını qəbul etsəm, onu buradan naümid yola sala bilmərəm, gərək İsgəndəri buraxam,  mənimsə onu azad etmək fikrim yoxdur.

Bəli, qələmin dediyi sözü başqa heç bir güc ifadə edə bilməz. Ona görə də dərdimi bölüşəcək ən gözəl güman yerim qələm və sözdür!!!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*