ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin ixtisar edilməsi barədə göstəriş verdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, təlimlər Vaşinqtona çox baha başa gəlir və Şimali Koreyaya “tamamilə yersiz və düşmənçilik xarakterli siqnal” göndərir.
Tramp qeyd edib ki, onun prezidentliyi dövründə Şimali Koreya ABŞ-a qarşı düşmənçilik nümayiş etdirməyib. Buna görə də Pxenyanla “çox yaxşı” münasibətləri qorumaq üçün hərbi manevrlərin miqyasının azaldılmasına qərar verilib.
Hazırkı təlimləri tamamilə ləğv etmək artıq gec olduğundan, onların müddəti və miqyası ixtisar ediləcək.
Təlimlərin bu gün başlaması və 11 gün davam etməsi planlaşdırılırdı. Hərbçilər Şimali Koreyadan yarana biləcək təhlükələrə, o cümlədən dron hücumlarına, GPS siqnallarının bloklanmasına və kiberhücumlara qarşı Cənubi Koreyanın müdafiəsini məşq edirlər.
Natiq Səlim,
KONKRET.az

