Rauf Arifoğlu Atəşgah Sığortanı BELƏ İFŞA ETDİ: “Xaricdə xəstələnmək olmaz”backend

Rauf Arifoğlu Atəşgah Sığortanı BELƏ İFŞA ETDİ: “Xaricdə xəstələnmək olmaz”

 “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu xaricdə səfər zamanı tibbi yardıma ehtiyac yarandığını, lakin sığorta şirkətinin xidmətindən narazı qaldığını bildirib.

KONKRET.az xəbər verir ki, Arifoğlu sosial şəbəkə hesabında yazıb ki, illərdir xaricə səfər edərkən ABB tətbiqi vasitəsilə Atəşgah Sığortanın 22 manatlıq premium səfər sığortasını alır. İndiyədək sığortadan istifadə etməyə ehtiyacının olmadığını qeyd edib.

Onun sözlərinə görə, son səfərinin Bakıya qayıtdığı gün yüngül başgicəllənmə hiss edib. Həkimlərlə məsləhətləşdikdən sonra uçuşdan əvvəl müayinədən keçməyə qərar verib və sığorta şirkətinə müraciət edib.

Arifoğlu iddia edib ki, müraciətdən təxminən iki saat sonra hotelindən 65 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya yönləndirilib. O, həmin tibb müəssisəsində MRT aparatının olmadığını öyrəndikdən sonra hotelə 2 kilometr məsafədə yerləşən daha yüksək səviyyəli klinikaya yönləndirilməsini istəyib.

Jurnalist həmçinin sığorta şirkəti ilə yazışmaların əsasən ingilis, rus və bəzi hallarda türk dillərində aparıldığını bildirib.

“Daha bir saat keçdi. Qərar verdim ki, özümə güvənim və təyyarə saatına yetişim. Hava limanına çatanda yazdılar ki, istədiyiniz şəhərdəki istədiyiniz klinikada sizi gözləyirlər. Artıq ilk tələbimizdən 4 saat keçmişdi. Qapı da örtülmüşdü – təyyarənin qapısı”, – deyə Arifoğlu yazıb.

O, Bakıya problemsiz qayıtdığını və müayinədən keçdikdən sonra ciddi problemin olmadığının müəyyənləşdiyini qeyd edib.

Arifoğlu sonda bu təcrübədən sonra Atəşgah Sığortaya xaricdə tibbi yardımla bağlı tam etibar edə bilməyəcəyini bildirib:

“Bu prosesdə anladım ki, bizim sığorta şirkətlərinə, ən azı, Atəşgaha arxayın olub, xaricdə xəstələnmək olmaz”.


KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*