Regionda hərbi əməliyyatlar radiasiya fonunu artıra bilərmi?backend

Regionda hərbi əməliyyatlar radiasiya fonunu artıra bilərmi?

Məlum olduğu kimi, regionda baş verən hərbi əməliyyatlar nəticəsində müxtəlif silahlardan istifadə edilib. Müharibənin sərhədlərimizə yaxınlığı əhali arasında havanın zəhərləməsi və ya radiasiya səviyyəsinin artması ilə bağlı narahatlıqlara səbəb olur.

Bəs narahatlığa əsas varmı?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az kimya elmləri doktoru, akademik Adil Qəribovun fikirlərini öyrənib.

Akademikin sözlərinə görə, müasir döyüşlərdə istifadə olunan silahların əsasını partlayıcı maddələr təşkil edir və bu maddələr, əsasən, üzvi birləşmələrdir: “Onların tərkibində radiasiya yaradan radionuklidlər və ya radioaktiv izotoplar mövcud deyil. Bu səbəbdən belə silahların istifadəsi radiasiya fonunun artmasına səbəb ola bilməz. Bununla belə, intensiv hərbi əməliyyatlar, xüsusilə də yanğınlar və partlayışlar nəticəsində atmosferə atılan karbon emissiyalarının miqdarı arta bilər. Lakin bu emissiyalar kömür və ya mazutla işləyən elektrik stansiyaları ilə müqayisədə daha zəif təsir gücünə malikdir. Ona görə də onların qlobal ekoloji vəziyyətə ciddi təsir göstərməsi barədə qəti fikir söyləmək çətindir”.

Akademik vurğulayıb ki, regionda baş verən müharibələrin ekologiyaya təsiri əsasən lokal xarakter daşıyır, yəni müəyyən ərazilərdə məhdud çirklənmə yarana bilər, lakin bunun geniş coğrafiyaya, o cümlədən ölkəmizin ərazisinə təsiri gözlənilmir: “Hərbi əməliyyatlar zamanı nüvə obyektlərinə zərbələr endirildiyi təqdirdə müəyyən risklər yarana bilər. Belə hallarda atmosferə yayılan maddələrin böyük məsafələrə daşınması ehtimalı aşağıdır və adətən 100 kilometrdən artıq əraziyə yayılmır. Bunun səbəbi həmin maddələrin, əsasən, uranın təbii izotoplarından ibarət olması və alfa radiasiyası yaymasıdır. Alfa şüalanması isə uzaq məsafələrə nüfuz etmə qabiliyyətinə malik deyil”.

A.Qəribovun sözlərinə görə, radiasiya fonunun ciddi şəkildə artması yalnız aktiv nüvə reaksiyalarının getdiyi obyektlərə zərbələr endirildikdə mümkündür: “Belə obyektlərin zədələnməsi regional səviyyədə radiasiya riskini artıra bilər. Bundan əlavə, “çirkli bomba” kimi tanınan qurğuların istifadəsi də ətraf mühitdə uzunmüddətli radioaktiv çirklənməyə səbəb ola bilər. Bu tip silahların istifadəsi beynəlxalq səviyyədə qadağan edilsə də, nəzəri olaraq onların mövcudluğu istisna edilmir. Ümumilikdə, mütəxəssisin fikrincə, hazırkı hərbi əməliyyatların radiasiya fonuna təsiri ilə bağlı genişmiqyaslı təhlükə barədə narahatlıqlar elmi əsaslara söykənmir və daha çox lokal xarakterli risklərdən danışmaq mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*