Rusiya bu ölkəyə 320 milyonluq hərbi texnika və sursatı havayı verdibackend

Rusiya bu ölkəyə 320 milyonluq hərbi texnika və sursatı havayı verdi

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, rus qoşunları ümumi dəyəri 320 milyon rubl (5 milyon dollar) olan hərbi texnika və silahı Tacikistan Silahlı Qüvvələrinə təmənnasız bağışlayıblar. Mərasim Düşənbədə KTMT-nin “Sarsılmaz Qardaşlıq – 2019” təlimlərinin bitməsindən sonra baş tutub.

“Bu gün artan təhdidlər və Əfqanıstanla həmsərhəd bölgələrdə qeyri-sabitlik zonasının genişlənməsi şəraitində, Orta Asiya strateji istiqamətindəki hərbi-siyasi vəziyyət silahlı qüvvələrin xarici hərbi təhdidlərə tab gətirə bilmə qabiliyyəti ilə müəyyən edilir. Qoşunların döyüş hazırlığına təsir edən meyarlardan biri də onların texniki təchizatıdır. Döyüş meydanında qələbə qazanmaq üçün xüsusiyyətlərinə görə üstünlüyü təmin edəcək müasir silah və hərbi texnika tələb olunur”, – texnikanın təhvil verilməsi mərasimi zamanı Rusiya Federasiyası Mərkəzi Hərbi Dairəsinin (MHD) komandiri Aleksandr Lapin deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Tacikistanı Orta Asiya regionunda əsas müttəfiq hesab edir və milli silahlı qüvvələrin modernləşdirilməsi proqramının tərkib hissəsi olaraq müdafiə potensialının güclənməsinə kömək edir.

“Bu gün Hissar aerodromunda hərbi texnikanın növbəti partiyası təqdim olunur. Buraya milli hava məkanının istifadəsini aşkarlamaq, izləmə və nəzarətini təmin edən bir radar stansiyası; öz sinfində müasir səviyyəyə qaldırılmış BRDM-2M zirehli kəşfiyyat və patrul vasitələri daxildir. Bütün bunlar müasir döyüş şəraitində çox sayda vəzifə yerinə yetirə bilən özünü sübut etmiş və etibarlı hərbi texnikadır. Hərbi məhsullar Silahlı Qüvvələrin döyüş potensialını artıracaq”, – deyə Lapin bildirib.

Xatırladaq ki, Rusiya bu ilin fevral ayında Tacikistana dəyəri 9 milyon dollar olan hava hücumundan müdafiə vasitələri köçürmüşdü.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*