Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Kalininqrad vilayətində Polşanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
KONKRET.az xəbər verir ki, saxlanılan şəxslər “Polşa xüsusi xidmət orqanlarının agentləri” olub. Onlar Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçuları və obyektləri haqqında məlumatlar, eləcə də bölgədəki sosial-iqtisadi vəziyyət, miqrasiya və sosial siyasətlə bağlı informasiyalar toplayaraq Polşa tərəfinə ötürüblər.
Xüsusi xidmət orqanının bəyanatında bildirilir ki, saxlanılan şəxslər barəsində casusluq maddəsi ilə cinayət işləri açılıb.
Bundan əlavə, FTX Polşa xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda şübhəli bilinən yeddi Polşa vətəndaşına və üç Rusiya vətəndaşına rəsmi xəbərdarlıq edib. Polşa vətəndaşlarının Rusiyaya girişinə uzunmüddətli qadağa qoyulub.
Bəyanatda, həmçinin qeyd olunur ki, 2026-cı il ərzində Polşa xüsusi xidmət orqanlarına yardım göstərməkdə şübhəli bilinən 14 Polşa vətəndaşının vizası ləğv edilib. Onlardan altısının Rusiyaya girişi də qadağan olunub.
Varşava Moskvanın açıqlamasını təxribat adlandırıb
Polşa tərəfi Rusiyanın iki nəfərin casusluq şübhəsi ilə saxlanılması barədə açıqlamasına sərt reaksiya verib.
Varşavada bu bəyanat Polşanın milli bayramı – Müstəqillik Günü ilə eyni vaxta təsadüf edən təxribat və dezinformasiya aktı kimi qiymətləndirilib.
Polşanın xüsusi xidmət orqanlarına nəzarət edən nazir-koordinatorunun nümayəndəsi Yatsek Dobjinski sosial şəbəkə X-də yazıb:
“Polşanın Müstəqillik Günündə bu açıqlamaları, xüsusilə də növbəti təxribat və dezinformasiya aktı kimi qiymətləndirirəm”.
Beləliklə, Moskva ilə Varşava arasında onsuz da gərgin olan münasibətlər fonunda casusluq ittihamları ətrafında növbəti diplomatik qarşıdurma yaranıb.
Ağagül Mürsəlov,
KONKRET.az
