“Rusiya Qarabağda çoxkombinasiyalı gedişlər edir” – KRİTİK ŞƏRHbackend

“Rusiya Qarabağda çoxkombinasiyalı gedişlər edir” – KRİTİK ŞƏRH

Əli Məhərrəmli, siyasi şərhçi

“Ermənistan məğlubiyyətin acısını, Azərbaycan isə qələbənin eyforiyasını bir kənara qoymalıdır”

Dünən gecə baş vermiş insidentdə 6 erməni hərbçisi yaralanıb, iksinin vəziyyəti ağırdır. Atışma səslərindən qorxan ermənilərin bir qismi gecəylə Xankəndidən qaçmağa çalışıb…

44 günlük müharibədən sonra ermənilər səksəkəlidir və sübhəsiz ki, bu uzun illər belə də davam edəcək. Amma bölgədə elə, ya belə davamlı sülhə ehtiyac var. Düşmən zəif də olsa, qorxaq da olsa, fərq etmir, təhlükəli olmaya bilər, lakin zərərlidir. Dünən Qarabağda hadisələrin xarici işlər nazirlərinin demarkasiya və dəhliz barədə danışıqları ilə eyni gündə baş verməsi görünür ki, heç də təsadüf deyil.

Rusiya üçün tərəf kimi bir Azərbaycan olsa da, 3 erməni tərəfi var. 1-ci hakimiyyətdəki Qərb meyilli Paşinyan hökuməti, 2-ci Rusiya meyilli generalitet və sabiqlər, 3-cü tam rusların nəzarətində olan Qarabağdakı qondarma qüvvələr.

Yəni Rusiya istədiyini əldə etmək üçün çoxkombinasiyalı ziqzaqvarı gedişlər edir. Bu qüvvələrdən biri-birinə qarşı istifadə etməklə Ermənistanı dövlət kimi özünün kukla teatrına çevirib. Yəni yuxarıdan sallanan iplərin kölgəsini görmək üçün siyasətçi olmağa gərək yoxdur. Məsələn, Paşinyan hökuməti ruslara istədiklərini verməyən kimi, mərkəzə tabe olmayan “Sartsax qüvvələrinə hər hansı bir təxribat törətməyi tapşırır. Azərbaycanın da buna sərt reaksiya verməsinə belə desək, susqun qalır. Və yaxud əksinə, Azərbaycanla hansısa mövzuda dil tapmadıqda 1 və 3-cü qüvvələri hərəkətə gətirir. Rusiya 3-cü qüvvələrdən həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə edir. 2-cilərdən isə Ermənistanda daxili vəziyyətə təsir etmək üçün. Görünən qədər dünən Minskdə Rusiya tərəflərdən istədiyini ala bilməyib deyə biz şəhid verdik, onların 6 yaralısı var.

Qalibiyyət siyasi-tarixi baxımdan önəmlidir, amma inkişaf və sabitlik üçün sülh lazımdır. Davamlı sülh olmayan coğrafiyada sabit inkişaf və sosial rifah yaratmaq mümkün olmur. Avropa bunu ikinci Dünya Müharibəsindən sonra anladı və bütün kini-nifrəti bir kənara qoyub birəgəyaşayışın modelini yarada bildilər. Bizim coğrafiyada isə buna qarşı çıxan qüvvələr çoxdur. Rusiya özü, İran, Fransa və digər Ermənistanı körükləyən qüvvələr bu bölgədə davamlı sülh istəmirlər. Belə olduqda sülh üçün münaqişə tərəflərindən daha çox uzaqgörənlik, səbr və iradə tələb olunur.

Ermənistan məğlubiyyətin acısını, Azərbaycan isə qələbənin eyforiyasını bir kənara qoyub sabit sülhün formulunu tapmadıqca kənar qüvvələr yanan ocağa su tökəcək, sönən oda benzin. Külünü də üfürəcəklər gözümüzə…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*