Rusiya rəhbərliyində yeni qalmaqal: Səfərbərlik üstündə kəskin qarşıdurmabackend

Rusiya rəhbərliyində yeni qalmaqal: Səfərbərlik üstündə kəskin qarşıdurma

Rusiya müdafiə naziri Andrey Belousovla Baş Qərargah rəisi Valeri Gerasimov arasında ölkədə yeni səfərbərliyin elan edilməsi məsələsinə görə ciddi münaqişə yaşandığı iddia olunur.

KONKRET.az xəbər verir ki, ruslara məxsus Teleqram kanalları belə bir məlumat yayıb ki, Gerasimov qapalı müşavirədə əlavə hərbi çağırış olmadan ordunun “Donetsk Xalq Respublikası”nda qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməyəcəyini bildirib. O, qərarın gecikdirilməsinin müharibədə məğlubiyyət riskini artırdığını vurğulayıb.

Baş Qərargah rəisi təqdim etdiyi hesablamalarda müqavilə əsasında hərbi xidmətə cəlb olunan şəxslərin hazırkı sayının yalnız itkiləri kompensasiya etməyə və cəbhə xəttini saxlamağa kifayət etdiyini qeyd edib. Onun sözlərinə görə, genişmiqyaslı hücum əməliyyatları üçün ehtiyat qüvvələr demək olar ki, qalmayıb. Digər istiqamətlərdən hərbi hissələrin cəbhəyə göndərilməsi isə NATO sərhədlərində və Rusiyanın cənub bölgələrində müdafiə boşluqları yarada bilər.

Məruzənin məzmunu qısa müddətdə müdafiə naziri Belousova çatdırılıb. Nazir bunu Baş Qərargahın uğursuzluqlarına görə məsuliyyəti Kremlə yönəltmək və hərbi məğlubiyyət təhlükəsini əsas gətirərək yeni səfərbərliyə nail olmaq cəhdi kimi qiymətləndirib.

Bir neçə nazir müavini və hərbi komandanın iştirakı ilə keçirilən görüşdə tərəflər arasında gərgin mübahisə yaşanıb.

Belousov Gerasimovdan “sirk göstərməməyi”, rəhbərliyi fəlakət ssenariləri ilə qorxutmaqdan əl çəkməyi və kütləvi səfərbərlik elan etmədən qarşıya qoyulan hərbi məqsədlərə çatmaq üçün plan hazırlamağı tələb edib.

Nazir ehtiyat qüvvələrə dair tələblərin şişirdildiyini, hərbi bölmələrdə rotasiyanın zəif təşkil olunduğunu, Baş Qərargahın məruzələri ilə cəbhədəki real vəziyyət arasında ciddi uyğunsuzluqların olduğunu da xüsusi vurğulayıb.

Qarşıdurmadan sonra Gerasimova qoşunların sayına dair təcili yeni hesabat hazırlamaq və əvvəlki hücum planlarının niyə gözlənilən nəticəni vermədiyini izah etmək tapşırılıb.

Baş Qərargahda bu tələbin yerinə yetirilməsinin çətin, hətta mümkünsüz olduğu düşünülür. Buna görə də hərbi rəhbərliyin Putin üçün ayrıca məruzə hazırladığı bildirilir.

Beləliklə, Rusiya prezidenti qarşısında iki fərqli mövqenin təqdim olunacağı gözlənilir: Belousov mövcud qüvvələrlə hərbi əməliyyatların davam etdirilməsini mümkün hesab edir, Gerasimov isə yeni səfərbərlik olmadan ordunun irəliləyişinin, demək olar ki, dayanacağını bildirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*