Son günlərdə İran – Azərbaycan sərhədinə raketlərin toplandığı ilə bağlı iddialar yayılıb. ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda SEPAH Azərbaycanla sərhəddə hərbi texnikanın hərəkətini əks etdirən görüntülər yayıb. SEPAH-ın kanalında paylaşılan videoda Xudafərin körpüsü üzərindən hərəkət edən hərbi yük maşınları görünür.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, İrana qarşı müharibə edən ABŞ və İsraildir.
O qeyd edib ki, İran bütün hərbi imkanlarını o iki dövlətə qarşı səfərbər etməlidir: “Üstəlik də Azərbaycan dinc qonşu dövlətdir və buradan İrana heç vaxt hərbi təcavüz təhlükəsi yoxdur, ola da bilməz. Üstəlik İranda bəzilərinin iddia etdiyi kimi, İsrail özünün hərbi bazalarını yerləşdirməyib və yaxud hasısa şəkildə İsrail Azərbaycan üzərindən İrana hücum edə bilməz. Hətta bunu etmək istəsə belə, alınan deyil. Çünki Azərbyacan ərazisinə gəlib çıxmaq üçün təbii ki, ya İrandan, ya da qardaş Türkiyə üzərindən keçməlisən. Nə İran, nə də Türkiyə İsrailə öz üzərindən keçib Azərbaycana gəlməyə icazə verər. Belə bir şəraitdə Azərbaycan razılaşsa belə, İsrail gəlib bizim ərazimizdən İrana hansısa şəkildə təcavüz edə bilməyəcək. Hələ nəzərə almaq lazımdır ki, Azərbaycan ümumiyyətlə İsrail də daxil olmaqla, heç bir dövlətin bizim ərazimizdən istifadə edərək qonşu İrana hücum etməsinə icazə vermir, verməyəcək. Belə bir şəraitdə SEPAH-ın sərhədimizdə gövdə göstərişi, əzələ nümayiş etdirməsi səviyyəsizlikdən başqa bir şey deyil. Həqiqətən də o qədər gülünc vəziyyətdədirlər ki, bu yolla insanların başını qatmaq istəyirlər ki, yəni görürsünüzmü biz hər şeyə hazırıq, hətta Azərbaycan tərəfindən təcavüz olarsa, ona da qarşı hazırlıq görürük və s. Ballistik raketlərdən söhbət gedirsə, ümumiyyətlə Azərbaycan sərhədlərinə o raketlərin gətirilməsi o deməkdir ki, bu adamlar nə etdiklərinin fərqində deyillər. Çünki həmin raketlər bir qayda olaraq uzaq mənzillidir, yəni o raketi Azərbaycan sərhədindən buraxsalar, Azərbaycan Respublikasının ərazisini keçib hansısa başqa ölkəyə gedib çıxacaq. Düzdür, qısa mənzilli raketlər haqqında da danışılır, amma əsasən onların göstərdiyi görüntülərdən belə başa düşülür ki, uzaq mənzilli ballistik raketlərdir. Yəni Azərbaycan ərazisini vura bilməyəcək, keçib başqa ölkəyə çatacaq. Bu qədər gülünc vəziyyətdədirlər. Belə hadisələrə fikir verilməməlidir, amma sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq. Azərbaycan dövləti öz hərbi qüdrətini artırmağa davam etməlidir. Onsuzda İran gec-tez, düşünürəm, hətta çox yaxında darmadağın olacaq, qarışacaq yeni müstəqil dövlətlər qurulacaq. Bütün bunlar da bizim sərhədimizdə baş verəcəyinə görə biz də öz təhlükəsizlik tədbirlərimizi gücləndirməliyik”.
