Üçüncü Dünya müharibəsi başlayır?backend

Üçüncü Dünya müharibəsi başlayır?

Sosial şəbəkələrdə Üçüncü Dünya müharibəsinin başlayacağı, dünyanın müxtəlif bölgələrinin dağıntılara məruz qalacağı və qlobal miqyasda böyük fəlakətlərin yaşanacağı ilə bağlı iddialar yayılır. Bu isə cəmiyyətdə narahatlıq yaradıb.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, son dövrlərdə bu istiqamətdə yayılan fikirlər təbii olaraq ciddi narahatlıq doğurur və əslində bu narahatlığın müəyyən geosiyasi əsasları da var.

O vurğulayıb ki, real təhlükələri sosial şəbəkələrdəki şişirdilmiş ssenarilərdən ayırmaq lazımdır: “Hazırda beynəlxalq münasibətlər sistemi ciddi gərginlik dövrünü yaşayır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, ABŞ-Çin münasibətlərində strateji rəqabət, Tayvan boğazı ətrafındakı gərginlik və müxtəlif regionlarda silahlı münaqişələrin artması qlobal təhlükəsizlik arxitekturasını zəiflədir. Bu proseslər ayrı-ayrı regional münaqişələrin böyük dövlətlərin maraqlarının toqquşduğu daha geniş qarşıdurmalara çevrilməsi riskini yaradır. Xüsusilə təhlükəli məqam nüvə silahına malik dövlətlər arasında etimadın azalmasıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2026-cı il hesabatı nüvə dövlətlərinin arsenal və hərbi imkanlarını modernləşdirdiyini, nüvə silahlarına strateji əhəmiyyətin yenidən artdığını göstərir. Bu isə yanlış hesablamalar, siyasi qərarların səhv qiymətləndirilməsi və hərbi eskalasiya ehtimalını artırır”.

Politoloqun sözlərinə görə, bütün bu amillər III Dünya müharibəsinin qaçılmaz olduğu anlamına gəlmir: “Müasir dövrdə böyük dövlətlər arasında birbaşa müharibənin qiyməti son dərəcə yüksəkdir. Nüvə silahına malik ölkələr yaxşı anlayırlar ki, belə qarşıdurma qalib və məğlub tərəf anlayışını mənasızlaşdıra, onların öz dövlətçilik və təhlükəsizlik sistemlərini də məhv edə bilər. Digər mühüm məqam ondan ibarətdir ki, böyük dövlətlər rəqabət aparsalar da, onların iqtisadi, enerji, maliyyə və ticarət sahələrində qarşılıqlı asılılığı davam edir. Bu asılılıq müharibənin qarşısını alan mühüm amillərdən biridir. Diplomatik kanalların, beynəlxalq təşkilatların və müxtəlif vasitəçilik mexanizmlərinin mövcudluğu da böhranların nəzarətdən çıxmasının qarşısını almaq üçün imkanlar yaradır. Bununla yanaşı, təhlükələrin ciddiliyini kiçiltmək də düzgün olmazdı. Məsələn, sentyabrın sonunda Rusiya ilə NATO arasında Baltik regionu ətrafında artan gərginlik fonunda Moskvanın nüvə xəbərdarlığı verməsi də qarşıdurmanın nə qədər həssas mərhələyə daxil olduğunu göstərən hadisələrdəndir. Beləliklə, qarşıdakı dövr üçün əsas təhlükə mütləq şəkildə III Dünya müharibəsinin başlanması deyil, regional münaqişələrin bir-biri ilə əlaqələnərək böyük gücləri daha geniş qarşıdurmaya cəlb etməsidir. Xüsusilə hərbi insidentlər, yanlış kəşfiyyat məlumatları, diplomatik əlaqələrin zəifləməsi və nüvə silahı ilə bağlı təhdidlər belə bir ssenarinin risklərini artırır”.

Y.Bağırzadə qeyd edib ki, dünya hazırda ciddi geosiyasi qeyri-sabitlik mərhələsindən keçir: “III Dünya müharibəsi nəzəri və strateji baxımdan mümkün ssenaridir, lakin onun qaçılmaz olduğunu söyləmək üçün əsas yoxdur. Sosial şəbəkələrdə dünyanın tamamilə məhv olacağı barədə yayılan iddialar isə daha çox qorxu və qeyri-müəyyənlik üzərində qurulmuş şişirdilmiş yanaşmalardır. Əsas məsələ beynəlxalq güclərin mövcud rəqabəti birbaşa hərbi toqquşmaya çevirməməsi və diplomatik mexanizmləri qoruyub saxlamasıdır. Çünki müasir dünyada böyük müharibənin nəticələri yalnız münaqişə tərəfləri ilə məhdudlaşmayacaq, bütün bəşəriyyətin təhlükəsizliyinə, iqtisadiyyatına və gələcəyinə təsir göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*