Bu gün, noyabrın 1-də Lavrov və Mirzoyan arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, noyabrın 1-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Nazirlər Qarabağda bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli noyabr sənədinin ildönümünün yaxınlaşması ilə əlaqədar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icra vəziyyətini müzakirə ediblər.
Nazirlər təxirəsalınmaz humanitar problemlərin həllində, ilk növbədə, məhbusların qaytarılmasında, mina xəritələrinin verilməsində, mədəni və dini irsin qorunmasında irəliləyişlərə xüsusi diqqət yetiriblər. Onlar Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, regional əməkdaşlıq üçün əlverişli atmosferin yaradılması məsələləri ilə bağlı müzakirə aparıblar. Lavrov və Mirzoyan Ermənistan və Azərbaycan arasında sərhəd insidentlərinin siyasi və diplomatik yolla həllinə yönəlmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xuraman Etibarlı
KONKRET.az
