Ukraynanın Rusiyanın bir sıra bölgələrinə gecə saatlarında kütləvi pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, Rusiya mənbələrinin yaydığı məlumata görə, hücumların əsas istiqamətlərindən biri Rostov vilayəti olub.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, Rostov-na-Donu şəhərində PUA hücumu nəticəsində üç yaşayış binasına ziyan dəyib. Hücum zamanı bir uşağın xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.
Monitorinq kanallarının məlumatına əsasən, Bataisk şəhərində hava hücumundan müdafiə sistemləri işə düşüb. Rostov-na-Donuda da partlayış səslərinin eşidildiyi qeyd olunub.
Bundan başqa, Rusiyanın Ryazan şəhərində yerləşən neft emalı zavodunun da PUA hücumuna məruz qaldığı bildirilir. İlkin məlumatlara görə, zərbələrdən sonra müəssisənin ərazisində yanğın baş verib.
Günay Əli
KONKRET.az
