Bu ilin sonunadək Ermənistanla Azərbaycan apasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı konkret mexanizmlər yaradılacaq. Yerevanla Bakı bu məqsədlə xüsusi ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Bu zaman tərəflər istəyərsə, problemin həllinə Rusiya da dəstək verəcək.
KONKRET.az xəbər verir ki, bu haqda Dmitri Larunun müəllifi olduğu məqalədə deyilir. Siyasi analitik materialda vurğulanır ki, bütün bu proses sülhə aparan uzun yoldur.
Müəllif Soçidə keçirilmiş danışıqların nə qədər vacib olduğunu bildirir. O, qeyd edir ki, bu, üç liderin müharibədən sonrakı ilk görüşü deyildi. Cənubi Qafqazın ən köhnə probleminin həllini nəzərdə tutan analoji görüş bu il yanvarın 11-i də, hərbi münaqişənin başa çatmasından iki ay sonra keçirilmişdi. Kremldə baş tutan həmin görüşün sonunda da birgə bəyanat qəbul edilmişdi.
Görünən odur ki, budəfəki üç saatlıq görüş konstruktiv məcrada keçib. Siyasətçilər bəzi vacib məsələlərlə bağlı ortaq nöqtələr tapa biliblər. Liderlər ilin sonunadək iki dövlət arasında sərhədin demarkasiyası və demarkasiyası üçün mexanizmlərin yaradılması barədə razılığa gəliblər.
Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov isə hesab edir ki, danışıqların baş tutması özü-özlüyündə vacib siqnaldır. Odur ki, indi vəziyyətin gərginləşəcəyini gözləməyə dəyməz. “Bununla belə, bu yaxınlarda situativ gərginliyin baş verdiyini də unutmaq olmaz. Lakin indi məsuliyyəti bu və ya digər tərəfin üzərinə atmaq lazım deyil”, – deyə Denisov “İzvestiya”ya bildirib. O, hesab edir ki, indi atəşkəs rejimini dəstəkləmək və tərəflər arasında etimad mühitinin yaradılması üçün çalışmaq daha vacibdir.
Xəritə çəkilməli
Sərhədlərin müəyyənləşdirilməsi münaqişənin gələcək həllini şərtləndirən ən vacib vəzifədir. Doğrudur, ötən il ərzində irimiqyaslı döyüş əməliyyatlarından yayınmaq mümkün olub, lakin mütəmadi lokal toqquşmalar baş verib. Ermənistanın baş naziri deyir ki, bölgədə vəziyyət arzulanan qədər sabit deyil. Üstəlik, ötən il noyabrın 9-dan bu yana hər iki tərəfdən onlarla insan həlak olub. “Bu ilin mayından bəri biz faktiki olaraq böhranlı vəziyyətlə üz-üzəyik”, – deyə Paşinyan bildirib.
Soçi danışıqlarının lap əvvəlində həm İlham Əliyev, həm də Nikol Paşinyan sərhədin delimitasiyası və demarkasiyasına başlamağa hazır olduqlarını bildiriblər. Azərbaycan tərəfi həmçinin qarşıdurmaya son qoymaq və bir-birinin suverenliyini tanımaq üçün Ermənistana sülh sazişi üzərində çalışmağı da təklif edir.
“Azərbaycan hər iki tərəfin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan sülh müqaviləsi bağlamağı, yəni heç bir tərəfin digərinə qarşı ərazi iddiası olmaması üçün məsələni kökündən həll etməyi təklif edir. Əgər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələri hələ də qalmaqdadırsa, nə üçün bizimkilər də Ermənistan ərazisində olmasın? Sərhədlərin demarkasiyası və delimitasiyası olmayıbsa, demək, biz sərhədin haradan keçdiyini və onu kimin pozduğunu söyləyə bilmərik”, – deyə “Valday” klubunun eksperti Fərhad Məmmədov bildirib.
Sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bu yaxınlarda Nikol Paşinyan da dilə gətirib.
Erməni politoloq Coni Məlikyanın fikrincə, xüsusilə sərhəddəki son gərginliyin fonunda üçtərəfli görüşün keçirilməsi son dərəcə vacib idi. “Biri var məsələləri Rusiyanın vasitəçiliyi ilə telefon söhbətləri zamanı həll edəsən, biri də var masa arxasına danışasan. Vacib olanı odur ki, tərəflər demarkasiya, yəni sərhədi xəritələr üzərində çəkmək, sonra isə Rusiyanın vasitəçiliyi ilə yerində delimitasiyaya başlamaq barədə razılığa gəliblər. Bu, asanlıqla və tez baş verəcək bir proses deyil. Lakin düşünürəm ki, Rusiya Federasiyası tərəfləri bu razılıqların icrasına sövq edəcək”, – deyə o, “İzvestiya”ya bildirib.
Kommunikasiyalar açılmalı, insanlar qayıtmalı
Vladimir Putinin görüşdən sonra dediyinə görə, danışıqlar zamanı iqtisadi məsələlər də müzakirə edilib. O, bildirib ki, ilkin addım olaraq nəqliyyat dəhlizlərinin açılması məsələsinə toxunulub. “Söhbət həm dəmir, həm də avtomobil yollarından gedir”, – deyə Putin vurğulayıb.
Ermənistanın baş naziri isə deyib ki, Yerevan üçün bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması vacibdir. Birgə Bəyanatda tərəflər “regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini” də vurğulayıblar.
“Ermənistan ərazisinin 45 kvadrat kilometri Azərbaycan tərəfinin nəzarəti altındadır və bu “sürünən işğal”ın fonunda Rusiya tərəfinin vasitəçilik səyləri çox böyük rol oynayır. Bakı Zəngəzur dəhlizini əldə etmək üçün Yerevana təzyiq göstərməyə çalışır. Lakin bölgədə kommunikasiyalar elə açılmalıdır ki, onların üzərində həmin ərazinin yerləşdiyi ölkənin suverenliyi olsun”, – deyə Coni Məlikyan bizimlə söhbətində bildirib.
Onun fikrincə, qəbul edilmiş birgə bəyanatın bütün bəndləri gələcəyə, yəni gözlənilən proseslərə aid olsa da, Rusiyanın vasitəçiliyi ilə fəaliyyət göstərən xüsusi komissiya çərçivəsində açılacaq kommunikasiyaların marşrutlarını müəyyənləşdirmək, vacib qərarlar qəbul etmək imkanı artıq indidən mövcuddur.
Qeyd edək ki, Soçidə humanitar xarakterli məsələlər də müzakirə edilib. Vladimir Putinin sözlərinə görə, ötən il ərzində qaçqınların geri qaytarılması istiqamətində böyük iş görülüb və artıq 53 min insan öz əvvəlki yaşayış yerinə qayıdıb. Nikol Paşinyan isə gileylənib ki, hərbi əsir və saxlanılan şəxslərlə bağlı məsələ hələ tam həllini tapmayıb. İlham Əliyev isə öz növbəsində, Bakının Yerevana indiyədək 100-dən çox hərbi əsir qaytardığını söyləyib
Gələn həftə Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri bəzi məsələlərə yekun vurmaq və liderlərin Soçidə razılaşdırdığı qərarları elan etmək üçün Moskvada görüşəcəklər.
Rusiya prezidenti Vladimir Putin isə danışıqlardan və mətbuat üçün birgə bəyanatdan sonra qonaqlara sülh və əminamanlığı tərənnüm edən qızıl zeytun budağı hədiyyə edib. Qeyd edək ki, Rusiya lideri Ermənistan və Azərbaycan rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.
Dekabrın ortasında İlham Əliyevlə Nikol Paşinyan danışıqların yeni raundunu keçirəcəklər – bu dəfə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbə: worlmedia