“Vaqner”in yaradıcısı Yevgeniy Priqojinin son müraciəti və bəyanatı əməlli-başlı səs-küy yaradıb. Onun qoşunları Baxmutdan çıxaracağı ilə bağlı açıqlaması və son döyüşlərdə 100-dən artıq itki verdiyini deməsi Rusiyanın müharibədə son çırpıntıları kimi xarakterizə edilib. Bir çox siyasi analitiklər Priqojinin bəyanatlarını Kremlin artıq müharibədə məğlub olması kimi dəyərləndiriblər. Bəs görəsən, bu dəyərləndirmələrin hansısa bir əsası varmı? Rusiya həqiqətən müharibədə məğlub olur?
Mövzunu KONKRET.az-a şərh edən konfliktoloq Elman Vəliyev bildirib ki, Rusiya Ukraynada istədiyini əldə edə bilməyəcək: “Vaqner”lər hava və su ilə yaşamırlar. Onlara texnika, silah-sursat, ərzaq və sair kimi zəruri ehtiyaclar lazımdır. Müharibə uzandıqca Rusiya böyük maliyyə itkisinə məruz qalır. Bu məqamda Sovetl İttifaqını xatırlamaq yerinə düşər. Kommunizm öz rıçaqında olan dövlətləri ayaqda saxlamaq üçün külli miqdarda maliyyə sərf edirdi. Bu gün də onun analoqunu Rusiya yaşayır. Kremlin Ukrayna tərəfindən dronla vurulması məsələsi ortaya atılsa da, bu, inandırıcı deyil. Məgər Kreml bir o qədər zəif qorunur? Təbii ki, yox. Bu, Rusiyanın yeni bir planıdır. Rusiyanın taktiki nüvəyə əl atması üçün zəmin yaranıb. Daha doğrusunu bu zəmini hazırlayıblar. Moskva yenidən Ukraynaya hücum etsə, faydası olmayacaq. Ona görə də, Rusiya ya Əfqanıstan, ya da nüvə ssenarisini həyata keçirəcək”.

Politoloq əlavə edib ki, Əfqanıstan ssenarisi Rusiyanın rüsvayçılığı deməkdir: “Bu, həm də Putin hakimiyyətinin sonu demək olacaq. Nüvə ssenarisi isə Rusiya üçün həm faydalı, həm də ziyanlı bir gediş ola bilər. Faydası ondan ibarətdir ki, qarşı tərəf diz çökmüş vəziyyətə gətiriləcək. Amma Rusiyanın nüvəni “burnunun ucunda” yerləşən Ukraynaya atacağı sual doğurur. Rusiya nüvədən istifadə etsə, meydan daha da qarışacaq və NATO daxilində çaxnaşma qaçılmaz olacaq. Digər bir məqam isə ABŞ-ın buna icazə verib-verməyəcəyi ilə bağlıdır. Amma hesab edirəm ki, vəziyyəti bu mərhələyə gətirən məhz Amerikadır. Kremli nüvə silahından istifadəyə məcbur edən də odur. ABŞ müharibə gedən ərazidən xeyli uzaqda yerləşir. Yəni Vaşinqtonun özü üçün heç bir təhlükə mövcud deyil. Ona görə də, düşünürəm ki, bütün bu ssenarilərin əsas hədəfi Çindir. Rusiyanı zəiflətdilər, indi isə Hindistanı qabağa verməklə Çinə qarşı qızışdırmağa çalışırlar. Dünya Bankının rəhbərliyinə, Britaniyanın Baş Nazirliyinə hind əsilli birinin gətirilməsi təsadüf ola biləz”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
