Rusiyanın NATO-ya qarşı təcavüz SSENARİSİ – Dəhşətli məqamlarbackend

Rusiyanın NATO-ya qarşı təcavüz SSENARİSİ - Dəhşətli məqamlar

Qərb hökumətləri Şimali Atlantika Alyansına (NATO) qarşı mümkün hücum riskləri barədə uzun müddətdir xəbərdarlıq edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb. Kəşfiyyat qurumlarının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin hələlik NATO ilə birbaşa hərbi toqquşmadan çəkinir, lakin Moskva tədricən eskalasiyaya səbəb ola biləcək hibrid əməliyyatlardan və təxribatlardan istifadə edə bilər.

Nəşr Rusiyanın Alyansa qarşı həyata keçirə biləcəyi 6 mümkün ssenarini təqdim edib:

“Krim ssenarisi” — Baltikyanı ölkələrdə təxribatlar. Rusiya guya rusdilli əhalinin hüquqlarının pozulduğunu bəhanə edərək etiraz aksiyaları təşkil edə bilər. Bu pərdə altında rusiyalı agentlər, ardınca isə hərbçilər Estoniyanın Narva və ya Latsiyanın Dauqavpils kimi ayrı-ayrı şəhərlərini ələ keçirməyə cəhd göstərə bilərlər. Bundan sonra isə “sülhün qorunması” bəhanəsi ilə qoşun yeridilə bilər.

Birbaşa işğal. Ən təhlükəli, lakin ehtimalı ən az olan ssenarilərdən biri – Belarus və Kalininqrad istiqamətindən eyni vaxtda hücum edərək Polşa ilə Litva arasındakı Suvalki dəhlizini kəsmək cəhdidir. Paralel olaraq, Rusiya Baltikyanı ölkələri digər NATO üzvlərindən təcrid etmək üçün İsveçin Gotland adasına desant çıxarmağa çalışa bilər.

“Təsadüfi” müdaxilə. Rusiya sərhəd yaxınlığında hərbi helikopterin qəza enişi etməsi kimi bəhanələrdən istifadə edə bilər. Daha sonra ekipaj və texnikanı xilas etmək adı altında NATO ölkəsinin ərazisinə “xilasetmə qrupu” göndərilir. Bənzər şəkildə Polşa və ya Rumıniyaya guya təsadüfən düşən raketlər və dronlar da istifadə oluna bilər.

Bayraq altında hücum (təxribat). Kreml NATO ölkəsinə qarşı təxribat məqsədilə ələ keçirilmiş və ya vurulmuş Ukrayna dronlarından istifadə edə bilər. Məsələn, Ukraynanın Rusiyaya zərbəsinin guya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə düşməsi ilə nəticələndiyi görüntüsü yaratmaq olar. Məqsəd NATO ölkələrini bir-biri ilə vuruşdurmaq və Ukraynaya qarşı qaldırmaqdır.

Avropada təxribatlar. Rusiya artıq Avropanın müxtəlif ölkələrində təxribat əməliyyatları həyata keçirib. Növbəti addım insan tələfatına səbəb ola biləcək hücumlar – məsələn, qatarın relsdən çıxarılması və ya sənaye obyektinə zərbə endirilməsi ola bilər. Eyni zamanda, Moskva Qərbin sərt cavab verməyəcəyinə ümid edə bilər.

Kiberhücumlar. Rusiya kritik infrastruktura, maliyyə bazarlarına və ya nəqliyyata hücum edə bilər – məsələn, iri hava limanını sıradan çıxara bilər və ya birjada çaxnaşma yarada bilər. Belə bir variant böyük ziyan vurmağa imkan verir, lakin eyni zamanda günahkarın müəyyən edilməsini və NATO-nun cavab tədbirlərini çətinləşdirir.

Bununla belə, “The Telegraph” qeyd edir ki, Rusiya üçün əsas problem Alyansın reaksiyasını hesablamaqdır. Alyansı parçalamalı olan təxribat əksinə, daha sərt cavab reaksiyasına səbəb ola bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*