Rusiya Ukraynanın qərb vilayətlərində “xalq respublikaları” yaratmağı planlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat mərkəzi məlumat yayıb. Kreml Ukraynanın qərb vilayətlərində “xalq respublikaları” yaratmağı planlaşdırıb, lakin UTX bunun qarşısını alıb.
Məlumata görə, Rusiya Federasiyasının göstərişi ilə “xalq respublikaları” yaratmağı planlaşdıran qrup üzvlərindən biri istintaqla əməkdaşlığa razılaşıb. O bildirib ki, qrup 2021-ci ilin yayında konstitusiya quruluşunu devirmək üçün işə başlayıb.
“Düşmənin təqaüdə çıxmış kəşfiyyatçısı onunla əlaqəyə çıxıb. O, “sxem”in təşkilatçısı olub. Ukraynada yeni demokratiya yaratmaq niyyətini açıqlayan agent bildirib ki, əgər indiki hökumət “öz xoşu ilə istefaya getməsə”, o zaman qrup zorakılıq ssenarisinə keçəcək. Hakimiyyəti ələ keçirmək üçün qrup Ukrayna XTQ-nin keçmiş hərbçilərindən olan 500 yaraqlını cəlb etməli və onları silahla təmin etməli idi”,- məlumatda deyilir.
Qeyd olunur ki, planın həyata keçirilməsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə üst-üstə düşməli idi, lakin UTX-nin işi sayəsində şəbəkə ifşa edilib. Onun təşkilatçısı və əsas şəxsləri İvano-Frankivsk və Xmelnitski vilayətlərində martın əvvəllərində saxlanılıb.
Təhlükəsizlik xidməti əlavə edib ki, cinayət ortaqlarından biri günahını etiraf edib və təşkilatçının əleyhinə ifadə verib. Bununla bağlı materiallar məhkəməyə göndərilib.
Xuraman Etibarlı,
KONKRET.az
