Rusiyaya gecə PUA zərbəsi: hərbi aerodrom və nəhəng neft zavodu vuruldu – FOTO/VİDEObackend

Rusiyaya gecə PUA zərbəsi: hərbi aerodrom və nəhəng neft zavodu vuruldu – FOTO/VİDEO

Rusiyanın bir neçə bölgəsi gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Zərbələr nəticəsində Krasnodar diyarındakı hərbi aerodromda və Leninqrad vilayətində yerləşən iri neft emalı zavodunda yanğın baş verdiyi bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Məlumata görə, Krasnodar diyarının Yeisk şəhərində yerləşən hərbi aerodrom PUA-ların əsas hədəflərindən biri olub. Sosial şəbəkələrdə yayılan məlumatlarda aerodrom ərazisində təkrar partlayışların baş verdiyi bildirilir.

Peyk görüntülərinə əsasən, aerodromun uçuş-enmə yollarının yaxınlığında, anbarlar və yanacaq-sürtkü materiallarının saxlandığı ərazidə yanğın qeydə alınıb. Yerli sakinlər isə zərbələrin yalnız aerodromla məhdudlaşmadığını, yaxınlıqdakı hərbi şəhərciyin də hücuma məruz qaldığını bildiriblər.

Yeiskdəki aerodromda Rusiya Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasının uçuş heyətinin döyüş hazırlığı və yenidən hazırlığı ilə məşğul olan 859-cu Mərkəz yerləşir. Burada həmçinin göyərtə aviasiyasının uçuş və enişlərinin məşq etdirilməsi üçün istifadə olunan xüsusi yerüstü təlim kompleksi fəaliyyət göstərir.

Nəhəng neft zavodunda yanğın

Gecə hücumunun digər mühüm hədəfi Leninqrad vilayətinin Kirişi şəhəri olub.

Vilayətin qubernatoru Aleksandr Drozdenkonun açıqlamasına görə, PUA hücumu nəticəsində şəhərin sənaye zonasının ərazisində yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə genişmiqyaslı yanğın müşahidə olunur.

İlkin məlumatlara görə, yanğın Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan “Kirişi neft emalı” zavodunda baş verib.

Müəssisənin illik neft emalı gücü təxminən 20 milyon ton təşkil edir. Zavod daha əvvəl də PUA hücumlarının hədəfinə çevrilib. UNIAN-ın məlumatına görə, mayın 5-də baş verən zərbələrdən sonra müəssisə neft məhsullarının yüklənməsini dayandırmışdı.

Bryanskda da partlayışlar

Gecə saatlarında Bryansk şəhərində də PUA hücumları və partlayışlar barədə məlumatlar yayılıb.

Məlumata görə, hücumların baş verdiyi ərazinin yaxınlığında hərbi təyinatlı məhsullar istehsal edən Bryansk Elektromexanika Zavodu və Bryansk Avtomobil Zavodu yerləşir.

Bryansk Elektromexanika Zavodu hərbi məqsədlər üçün radiokəşfiyyat və radioelektron mübarizə sistemləri, peyk məlumatlarının qəbulu və emalı üçün komplekslər, eləcə də radiolokasiya sistemləri üçün müxtəlif elektron komponentlər istehsal edir.

Bryansk Avtomobil Zavodu isə hava hücumundan müdafiə sistemləri, o cümlədən “S-400” kompleksləri üçün platforma kimi istifadə olunan ağır xüsusi şassilər və yüksək keçiciliyə malik dartıcılar istehsal edir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*