Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç fiziki zorakılığa məruz qalacağı barədə ciddi təhdidlər aldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, “TV Pink” telekanalının canlı yayımında deyib:
“Ötən gün ərzində qətlə yetiriləcəyimə dair ən ağır hədə-qorxular eşitdim, məhv ediləcəyimlə bağlı tam aydın və qəti mesaj aldım”.
Bununla bərabər, Vuçiç yaxın zamanlarda həbs ediləcəyi və cinayət təqibinə məruz qalacağı ilə bağlı şayiələri rədd edərək, ona qarşı heç bir işin açılmadığını, ölkədən qaçmaq niyyətinin olmadığını da vurğulayıb.
Onun sözlərinə görə, dövlət başçısı maliyyə sənədlərinə imza atmır, bu səbəbdən onun saxlanılması üçün hüquqi əsas yoxdur və o, hətta fərziyyə olaraq həbs edilsə belə, siyasi rəqibləri üçün kabus olaraq qalacaq.
“Mən onlar üçün dəmir barmaqlıqlar arxasında belə kabusam. Mənim üçün bu sadəcə gülməlidir, prezident pulla əlaqədar heç bir sənədə imza atmır. Məni nəyə görə həbs etməlidirlər? Onlar düşünürdülər ki, mən ölkədən qaçacağam”, – deyə sabiq dövlət rəhbəri əlavə edib.
Xatırladaq ki, sentyabrda Vuçiç “Birləşmiş Serbiya” koalisiyasının seçki kampaniyasına başçılıq etmək məqsədilə dövlət rəhbəri vəzifəsindən istefa vermişdi. Parlament seçkisi zamanı onun siyasi bloku “Tələbə siyahısı”na məğlub olmuşdu. Bundan sonra Serbiya Tərəqqi Partiyası eks-prezidentin namizədliyini öz sədri vəzifəsinə irəli sürüb. Səsvermə prosesi dekabrın 13-nə planlaşdırılıb.
