Niderlandda, demək olar ki, hər xəstəliyin bir dərmanı var. Onu da supermarketdə, çipslərin yanında, cəmi bir avroya almaq mümkündür. Temperaturunuz 39 dərəcədir? Parasetamol. Beliniz ağrıyır? Parasetamol. Doğuş sancıları başlayıb? Yenə parasetamol. Zarafat etmirəm.
Doğuş zamanı sancılarım hər otuz saniyədən bir gələndə mənə də bu dərmanı təklif edirdilər. Adri əmin edir ki, həmin vaxt az qala onun əlini sındırmışam. Həkimi isə təhdid edərək mənə, nəhayət, baytarlıqda istifadə olunan morfin vurmağa məcbur etmişəm.
Bu ölkədə ailə həkiminin qəbuluna kəskin respirator virus infeksiyası (KRVİ) və ya qriplə getməyi ağlınıza belə gətirməyin. Öskürək, temperatur? Evdə oturun, parasetamol qəbul edin. Qəbul otağının qapısında bunu açıq şəkildə yazırlar.
Bəs qripi anginadan, bronxiti pnevmoniyadan necə ayırd etmək olar? Bu suala cavab verilmir.
Üstəlik, eyni qəbul zamanı iki şikayətlə müraciət etmək də, demək olar ki, mümkün deyil. On dəqiqəlik bir görüşə iki problem sığışdırmaq artıq anarxiya sayılır. Ayağınız sınıb, üstəlik kataraktanız var? Mədə xorasından əziyyət çəkirsiniz, miqren də sizi rahat buraxmır? Zəhmət olmasa, iki ayrı qəbul vaxtı götürün. Hər birinə də parasetamol qəbul edərək gəlin. Üçüncü, dördüncü və hətta onuncu şikayətiniz varsa, qayda dəyişmir: istənilən anlaşılmaz vəziyyətdə parasetamol qəbul edin.
Bir dəfə, noyabr ayında, ənənəvi qrip epidemiyasının tüğyan etdiyi vaxtda ailə həkimimizin qəbul otağının yanında maraqlı bir elan gördüm: “Qrip olduğunuzdan şübhələnirsiniz? Bizə gəlməyinizə ehtiyac yoxdur”.
Elanın davamında izah edilirdi ki, evdə qalın, parasetamol qəbul edin və qəbul otağında nisbətən sağlam insanları yoluxdurmayın.
Məncə, yazıçı Sergey Dovlatovun bir əsərində təsvir etdiyi həkimlə münasibətlərimiz Hollandiyadakı ailə həkimləri ilə ünsiyyət təcrübəmizə çox uyğun gəlir:
“Qopmuş başınızı əlinizdə tutaraq doktor Yavşitsinin yanına girməyə çalışın. O, sizə kədərli, yaxından görməyən gözlərlə baxacaq və laqeyd şəkildə soruşacaq:
– Nədən şikayət edirsiniz, serjant?
Yavşitsidən azadlıq əldə etmək üçün aviasiya qəzasından sağ çıxmaq lazımdır. Buna baxmayaraq, bir il ərzində mən müxtəlif xəstəlikləri təqlid etməyi öyrəndim – radikulitdən tutmuş kataraktaya qədər. Öz metodumu da işləyib hazırladım. Mahiyyəti çox sadə idi: istənilən fantastik simptomu dilə gətirir, sonra isə onu inadla müdafiə edirdim. Məsələn, bir ay ərzində Yavşitsiyə təkrar-təkrar deyirdim:
– Elə hiss edirəm, doktor, sanki içimdən bütün oksigeni çəkib çıxarırlar. Üstəlik, dırnaqlarım ağrıyır, onurğam isə qaşınır”.
Ən ağır vəziyyətdə belə parasetamol
2019-cu il dekabrın 31-də kitabın mətnini redaktora təhvil verməli idim. Dekabrın 30-da isə huşumu itirdim və sinəmdə ağrılar yarandığı üçün xəstəxanaya müraciət etməli oldum.
Dəqiqləşdirim: “Təcili yardım çağırdıq” deyəndə, əslində, özümüzün xəstəxanaya getməyimizi nəzərdə tuturam. Artıq huşumu itirmişdim və ailə həkimimizin qəbul otağı bağlı olduğundan növbətçi tibbi məntəqəyə üz tutduq.
Görünüşündən elə bil orta məktəbin onuncu sinfini yenicə bitirmişdi. Gənc həkim qadın cəld şəkildə ürək və ağciyərlə bağlı ciddi problemləri istisna etdi, təzyiqimi ölçdü – 90/60 idi – və evə qayıtmağı məsləhət gördü.
– Bəs mənə nə olub? – heç olmasa, vəziyyətimi anlamaq istəyirdim.
– Xəstələnmisiniz.
– Bəs təzyiqim?
– Düşüb, – məktəbli qız hörüyünü yellədərək mehribanlıqla izah etdi.
– Bəlkə hansısa dərman qəbul edim? Özümü həqiqətən çox pis hiss edirəm.
– Səsiniz də tutulub. Bu, sadəcə yüngül qripdir. Bilirsiniz nə edək? – onun üzü birdən işıqlandı. – Gecə ikiqat dozada parasetamol qəbul edin və yaxşıca yatın.
Evə qayıtdıqdan sonra bir aydan artıq idi ki, boğazımda getdikcə güclənən kəskin ağrı hiss etdiyimi, vaxtaşırı temperaturumun qalxdığını xatırladım. Bir qədər düşünəndən sonra anladım ki, böyük ehtimalla, adi, lakin vaxtında müalicə olunmamış anginadan əziyyət çəkirəm.
Növbətçi məntəqədə boğazıma baxmamışdılar. Mən də vəziyyətimi düzgün qiymətləndirə bilmirdim. Onların əsas vəzifəsi infarkt və pnevmoniya ehtimalını istisna etmək idi. Qalan məsələlər isə səhərə, ailə həkiminin qəbuluna qədər gözləməli idi.
İndi isə ədalət naminə müsbət tərəflərdən də danışaq
Söz vermişdim ki, dürüst olacağam. Elə isə bunu da etiraf edim.
Mənim bitib-tükənməyən KRVİ, sinusit və bronxit dövrəm antibiotikləri hər dəfə, hər ehtimala qarşı qəbul etməyi dayandırdıqdan sonra tədricən sona çatdı. Bəli, düz oxudunuz.
On il ərzində hər xırda narahatlıqda dərmanlarla müdaxilə edilən orqanizmim birdən-birə özünün də xəstələnə və sağala bildiyini göstərdi.
Bir neçə ay əvvəl burada Hollandiyada təcili tibbi yardım sisteminin nə qədər güclü olduğunu yazmışdım. Anam pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması almışdı. Onun həyatını xilas etdilər. Reanimasiya şöbələrinin imkanlarını, həkimlərin peşəkarlığını və vəziyyətə nə qədər operativ reaksiya verdiklərini öz gözlərimlə gördüm.
Bundan sonra şikayətlənməyi dayandırdım. İndi sakitcə, itaətkar şəkildə parasetamol qəbul edirəm.
Hollandiyada səhiyyə sistemi necə işləyir?
Hollandiyada tibbi sığorta, bir növ, avtomobil üçün icbari sığorta (OSAGO) kimi məcburidir. Sadəcə bu dəfə söhbət avtomobildən yox, insan sağlamlığından gedir.
Əsas sığorta paketinin qiyməti orta hesabla bir yetkin şəxs üçün ayda 158 avro təşkil edir. 18 yaşına çatmamış uşaqlar valideynlərinin sığortasına ödənişsiz daxil edilirlər. Buna görə də hər ay Hollandiyanın səhiyyə nazirinə, həmin il bu vəzifəni kimin tutmasından asılı olmayaraq, ürəyimdə təşəkkür edirəm.
Gəliri aşağı olan vətəndaşlara dövlət 129 avroya qədər subsidiya verir.
Bununla yanaşı, sığortanın öz risk məbləği də var. İllik 385 avroluq ilkin tibbi xərcləri vətəndaş özü ödəyir. Yalnız bu məbləğdən sonra sığorta şirkəti xərcləri qarşılamağa başlayır. Hollandiyalılar bu rəqəmi, yəqin ki, həyat yoldaşlarının ad günündən də yaxşı xatırlayırlar.
Yeri gəlmişkən, parasetamola olan “məhəbbətin” səbəblərindən biri də budur.
Ailə həkiminə müraciət həmin 385 avroluq öz risk məbləğinə daxil deyil. İstədiyiniz qədər qəbuluna gedə bilərsiniz. Onsuz da, çox güman ki, sizi dərhal müalicə etməyəcək. Amma qan analizi, rentgen müayinəsi və mütəxəssis həkimin konsultasiyası artıq öz risk məbləğinizə daxil ola bilər.
Buna görə də hollandiyalı rentgen müayinəsinə göndərilməzdən əvvəl özünə bir sual verir: “Görəsən, buna həqiqətən ehtiyacım varmı?”
Çox vaxt cavab “yox” olur. Ayaq özü-özünə sağalır, sığorta da burada köməyə gəlmir.
Şəxsən tanıdığım insanlar var ki, əməliyyatlarını yeni ilin yanvar ayına qədər təxirə salıblar. Səbəb sadədir: illik öz risk məbləği yeni ilin əvvəlində sıfırlanır və onlar növbəti ilin sığorta təminatından yararlanmaq istəyirlər.
Yanvardan etibarən isə sığortanın aylıq qiymətinin orta hesabla 173 avroya, illik öz risk məbləğinin isə 400 avroya yüksələcəyi bildirilir.
Ciddi xəstəlik zamanı sistem necə işləyir?
İndi isə məsələni digər tərəfdən nəzərdən keçirək. Söhbət ciddi xəstəliklərdən gedəndə Hollandiyanın səhiyyə sistemi tamamilə başqa mənzərə yaradır.
Rayts Sibetsma deyir:
“Bizə göstərilən tibbi xidmətlərdən, yox, daha dəqiq desəm, bizə göstərilən qayğıdan heç bir narazılığım yoxdur”.
Onun 12 yaşlı oğlu Tobias bir neçə ay davam edən beyin xərçəngi ilə mübarizədən sonra vəfat edib.
“Uğlumun intensiv tibbi yardıma ehtiyacı var idi və o, bu yardımı bir an belə gecikmədən aldı. Bütün bu müddət ərzində terapiya, evdə aparılan tibbi prosedurlar, çoxsaylı dərmanlar və xəstəxanada müalicə – bütün xərcləri sığorta şirkətimiz ödədi. Hollandiyada sistem belə işləyir: bəli, hər ay müəyyən məbləğ ödəyirsən, amma ağır xəstəliklə üzləşəndə lazımi tibbi yardımdan məhrum olmursan”.
Bu, həqiqətən də belədir.
Dostum Patrikin mədəsindən xoşxassəli olduğu müəyyən edilən şiş çıxarılmışdı. Lakin həkimlər mümkün ağırlaşmalardan ehtiyat etdikləri üçün ona növbəti il ərzində profilaktik müayinələr, prosedurlar və dərman müalicəsi təyin etdilər. Müntəzəm müayinələr də aparılırdı.
Bütün bunların ümumi dəyəri yüz min avroya yaxın idi. Lakin xərclər sığorta tərəfindən qarşılandı. Çünki həkim tərəfindən təyin edilən dərmanlar və müalicə prosedurları, bir qayda olaraq, sığorta təminatına daxildir.
Niyə hər kəsin təcrübəsi fərqlidir?
Buna baxmayaraq, Hollandiyada tibbi xidmətlə qarşılaşan əcnəbilərin təcrübələri bir-birindən kəskin fərqlənir. Kimisi sistemdən heyranlıqla danışır, kimisi narazılığını bildirir. Bəziləri burada tibbi xidmətin səviyyəsini yüksək qiymətləndirir, digərləri isə həkimlərin laqeydliyindən şikayətlənirlər.
Onların səmimiyyətinə şübhə etmək üçün heç bir əsasım yoxdur.
Sadəcə, tibbi təcrübələr həqiqətən də fərqli ola bilər. Çünki bir qisim insan adi burun axıntısı ilə həkimə müraciət edir, digərləri isə artıq konkret diaqnozla gəlir. Hollandiyada isə bunlara münasibət eyni deyil.
Rəqəmlər də bu yanaşmanı müəyyən mənada təsdiqləyir. Hollandiyalı həkimlər Avropa üzrə orta göstərici ilə müqayisədə təxminən iki dəfə az antibiotik təyin edirlər. Yunanıstan və Rumıniyada isə antibiotiklərin istifadəsi Hollandiyadan təxminən üç dəfə yüksəkdir.
Bizim “heç nəyi müalicə etmirlər” adlandırdığımız yanaşma tibbdə “gözləmə taktikası” kimi tanınır və sübuta əsaslanan təbabətin qəbul etdiyi üsullardan biridir. Virus infeksiyalarına antibiotik təsir etmir. Orqanizm xəstəliyin öhdəsindən özü gələ bilirsə, lazımsız dərman müdaxiləsi ilə ona mane olmamaq daha məqsədəuyğundur.
Üstəlik, Hollandiyada insanlar uzun ömür sürürlər. 2025-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlar üçün 83,5, kişilər üçün isə 80,7 il təşkil edib. COVID-19 pandemiyasından sonra bu göstərici yenidən artmağa başlayıb.
Hollandiyalılar 90 yaşlarında belə velosiped sürür, yağış altında qaçır, dekabrda kanallarda üzür, 75 yaşında isə marafonlara qatılmaq üçün qeydiyyatdan keçirlər.
Beləliklə, bəli, məndə vaxtında aşkarlanmamış angina var idi və hörüklü gənc həkim bunu müəyyən edə bilmədi. Amma o, cəmi on dəqiqə ərzində infarkt və pnevmoniya ehtimalını istisna etdi. Onun vəzifəsi də məhz bu idi.
Anginanın müalicəsi isə səhər ailə həkiminin qəbulunda başladı.
Hollandiyanın səhiyyə sistemi ilə bağlı paradoks da elə bundadır: adi xəstəliklərdə səbirli olmağınızı, orqanizminizə vaxt verməyinizi istəyirlər. Amma vəziyyət həqiqətən ciddiləşəndə sistemin imkanları və həkimlərin peşəkarlığı tam gücü ilə işə düşür.
Bir sözlə, Hollandiyada parasetamol zarafat deyil. Amma bu, səhiyyə sisteminin bütün mənzərəsi də deyil.
Müəllif: Viktoriya Hooqland
Tərcümə etdi:
Rəsmiyyə Şərifova,
KONKRET.az
