“Azərbaycanda gələcəkdə çoxuşaqlı ailələrə sosial yardımın ayrılması mümkündür və bunun üçün ölkənin iqtisadi imkanları da kifayət qədərdir. Lakin belə bir dəstək mexanizminin tətbiqi üçün müvafiq siyasi qərarın qəbul olunması vacibdir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli
Onun sözlərinə görə, çoxuşaqlı ailələrə sosial yardımın ayrılması üç fərqli mexanizm vasitəsilə həyata keçirilə bilər:
“Əslində bu, mümkündür. Çoxuşaqlı ailələrə sosial yardımın ayrılması Prezident fərmanı, Nazirlər Kabinetinin qərarı və ya dövlət büdcəsi zərfi qəbul edilərkən müvafiq təkliflərin büdcəyə daxil edilməsi yolu ilə mümkündür. Azərbaycanın iqtisadi imkanları belə bir təşəbbüsün reallaşdırılmasına şərait yaradır. Sadəcə olaraq bununla bağlı qərar verilməlidir”.
İqtisadçı hesab edir ki, məsələnin dövlət büdcəsi çərçivəsində həll olunması daha məqsədəuyğun olardı:
“Yaxşı olar ki, bu məsələ büdcə zərfi formalaşdırılarkən nəzərə alınsın və büdcəyə daxil edilsin. Belə olduğu halda, bu dəstək birdəfəlik addım deyil, qanunla tənzimlənən və davamlı xarakter daşıyan sosial təminat mexanizminə çevrilə bilər”.
Natiq Cəfərli vurğulayıb ki, çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi həm demoqrafik siyasətin dəstəklənməsi, həm də ailələrin rifah səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən gələcəkdə belə bir təşəbbüsün gündəmə gəlməsi real görünür.
Müşviq Tofiqoğlu
KONKRET.az
