Şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi artıq elektron sistem üzərindən həyata keçirilir. Valideynlərdən tələb olunan əsas şərtlərdən biri portalda düzgün qeydiyyatdan keçmək və övladlarının məlumatlarını sistemə tam və doğru şəkildə daxil etməkdir.
Bəs elektron yerdəyişmə zamanı valideynlər hansı məqamlara diqqət etməlidirlər və müraciətin təsdiqlənməsinə hansı amillər təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, şagirdlərin yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, valideyn əvvəlcə sistemdə qeydiyyatdan keçməli, qeydiyyat təsdiqləndikdən sonra isə övladının məlumatlarını portala əlavə etməlidir.

Ekspert qeyd edib ki, bundan sonra valideyn övladının başqa məktəbə köçürülməsi üçün elektron qaydada müraciət edə bilər.
“Əvvəlki illərdə valideyn övladının yerdəyişməsini həyata keçirmək istəyirdisə, məktəb rəhbərliyi ilə görüşməli olurdu. Hazırda prosesin elektron sistem üzərindən aparılması şəffaflığın qorunması və mümkün korrupsiya hallarının qarşısının alınması baxımından müsbət addımdır”, – deyə Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, daxil olan müraciətə təhsil müəssisəsi tərəfindən üç gün müddətində baxılır.
“Məktəb müraciəti təsdiqləyə və ya imtina edə bilər. Valideyn eyni zamanda bir neçə sinif üzrə, məsələn, A, B və C siniflərinə müraciət etmək imkanına malikdir. Müraciətə imtina verildiyi halda isə başqa təhsil müəssisəsinə elektron qaydada müraciət etmək mümkündür.
10–11-ci siniflər üzrə yerdəyişmələrdə də ümumi prosedur aşağı siniflərdə olduğu kimidir. Lakin valideynlər yaşayış yeri ilə bağlı məlumatların düzgün qeyd edilməsinə xüsusi diqqət yetirməlidirlər.
Valideyn bilməlidir ki, yerdəyişmə zamanı həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvan mühüm əhəmiyyət daşıyır. Ailə başqa əraziyə köçübsə, yaşayış yeri ilə bağlı məlumatlar portalda mütləq yenilənməli və bundan sonra müraciət edilməlidir. Təhsil müəssisəsi müraciətə baxarkən yaşayış ünvanını da nəzərə alır”, – deyə ekspert vurğulayıb.
Ramin Nurəliyev əlavə edib ki, məktəbin yerləşdiyi ərazi ilə şagirdin yaşayış ünvanının uyğunluğu da yerdəyişmə zamanı nəzərə alınan əsas amillərdəndir.
“Bundan başqa, tədris dili ilə bağlı uyğunsuzluq da müraciətin nəticəsinə təsir göstərə bilər. Məsələn, rus bölməsində təhsil alan şagirdin Azərbaycan bölməsində təhsil verən məktəbə keçirilməsi zamanı müəyyən hallarda imtina ilə üzləşməsi mümkündür.
Valideyn portalda məlumatları düzgün və tam şəkildə qeyd etməlidir. Sistemə daxil edilən məlumatlarla real vəziyyət arasında uyğunsuzluq aşkarlandıqda təhsil müəssisəsi tərəfindən müraciətə imtina verilə bilər”, – deyə ekspert bildirib.
Ramin Nurəliyev sosial həssas kateqoriyalara aid uşaqların da yerdəyişmə prosesində nəzərə alındığını qeyd edib. Onun sözlərinə görə, xüsusilə şəhid və qazi övladlarına, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara yerdəyişmə prosesində müəyyən üstünlüklərin verilməsi mümkündür.
Beləliklə, elektron yerdəyişmə zamanı valideynlərin əsas diqqət etməli olduqları məqamlar portalda düzgün qeydiyyatdan keçmək, övladın məlumatlarını tam və dəqiq daxil etmək, yaşayış ünvanını düzgün göstərmək və müraciət edilən məktəbin tədris dili ilə bağlı tələbləri nəzərə almaqdır.
Elektron sistem vasitəsilə yerdəyişmənin həyata keçirilməsi prosesin daha rahat və şəffaf təşkilinə, eləcə də müraciətlərə vahid mexanizm əsasında baxılmasına imkan yaradır.
Aynurə İsmayıl
KONKRET.az
