“Güclü Ermənistan” hərəkatının lideri, iş adamı və xeyriyyəçi Samvel Karapetyan hesab edir ki, gün gələcək, Baş nazir Nikol Paşinyan hakimiyyətdən məhz özünün rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri tərəfindən uzaqlaşdırılacaq.
KONKRET.az xəbər verir ki, Karapetyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Hakimiyyətin əmlakını müsadirə edəcəyi təqdirdə dollar milyonçusu kimi reytinqinin aşağı düşüb-düşməyəcəyi ilə bağlı suala cavab verən Karapetyan bildirib ki, reytinqi deyil, ölkənin nüfuzu zərər görəcək.
“Çünki belə addımlar tamamilə qanunsuzdur”, – deyə o vurğulayıb.
Karapetyan əlavə edib ki, hakimiyyət nə onun, nə də digər iri sahibkarların əmlakını qanuni əsaslarla əlindən ala bilməz:
“Heç nə edə bilmirlər. Nə Qaqik Çarukyana, nə də mənə. Tutaq ki, əmlakı alacaqlar, sonra onu idarə etməyə çalışacaqlar. Amma əvvəlcə bunu bacarmalıdırlar. Təkcə bir addım atmaq kifayət etmir”, – deyə siyasətçi qeyd edib.
Hakimiyyət tərəfindən Karapetyana məxsus ESA şirkətinə təyin edilən idarəçi Romanos Petrosyanın maaşı ilə bağlı suala isə o, “Heç bir məlumatım yoxdur. Maaşını özü özünə təyin edib”, – cavabını verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
