“Alpine Development” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 400 min manatlıq bank hesabına məhdudiyyət qoyulub.
KONKRET.az qaynarinfo.az-a istinadla xəbər verir ki, şirkət Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Sea Breeze” kurort və yaşayış kompleksində “Port d’Azur” yaşayış layihəsinin tikintisini həyata keçirir.
Məlumata əsasən, “Alpine Development” MMC tikinti xidmətlərinin göstərilməsi üçün “SB Development” MMC ilə 460 min 632 manat 22 qəpiklik podrat müqaviləsi bağlayıb. Müqaviləyə görə, həmin məbləğin 15 gün ərzində ödənilməsi nəzərdə tutulsa da, şirkət qarşı tərəfə cəmi 65 min 966 manat 9 qəpik köçürüb.
Qalan məbləği ala bilməyən “SB Development” MMC məhkəməyə müraciət edib. Məhkəmədə qeyd edilib ki, hazırda “Alpine Development” MMC-də təsisçi və rəhbərlik dəyişikliyi prosesi gedir. Bu vəziyyət görülmüş işlərin dəyərinin ödənilməməsi riskini artırır və iddiaçı şirkətin ciddi maliyyə itkiləri ilə üzləşə biləcəyi vurğulanıb.
Məhkəmənin hökmü ilə cavabdeh MMC-yə məxsus bank hesablarında olan 394.666,13 manatın (əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində) üzərinə həbs qoyulub.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Alpine Development” MMC-nin qanuni təmsilçisi Pərviz Şükürovdur. Nizamnamə kapitalı 100 manat təşkil edən “SB Development” MMC-nin qanuni təmsilçisi isə İlya Kapitulskiydir.
