backend

Səlim Müslümovun 200 min “qaz pulu” BORCU VAR

Ağsu şəhəri Koroğlu küçəsində yerləşən, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə “Azəriqaz”a 200 min manatdan çox borcu var.

KONKRET.az xəbər verir ki, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi ilə bağlı bütün dövrlərdə çox ciddi problemlər olub.

Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələr ilə ödənişdən yayınıb.

“Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.az.group” kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.

Xəbərə görə, istixanaya qaz verilişi borca görə dəfələrlə dayandırılsa da, Səlim Müslümov öz şəxsi nüfuzundan istifadə edərək, qazı qoşdurmağa nail olub.

Məsələ haqda Azəriqaz da açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumatda qeyd olunub ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh “Ağsu-Aqrotexservis” ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 200.80 manat borc “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir.

Bildirilir ki, daha sonra 2019-cu ilin noyabr ayında “Ağsu-Aqrotexservis” ASC ilə “Azəriqaz” İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədi ilə tərəflər arasında müvafiq razılaşma imzalanıb: “Razılaşmaya əsasən “Ağsu-Aqrotexservis” ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci il tarixdən başlayaraq 25.12.2020-ci il tarixədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 766.74 manat borcun ödənilməsini öhdəsinə götürüb. İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin “Ağsu-Aqrotexservis” ASC tərəfindən razılaşmaya əməl edilməyib. “Ağsu-Aqrotexservis” ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən “Formes.group.az” MMC-yə verilib. İcarə müqaviləsində “Formes.group.az” MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb. Eyni zamanda 26.11.2019-cu il tarixdə “Formes.group.az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırki vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində “Formes.group.az” MMC-nin Birliyə 217 240.81 manat borcu yaranıb”.

“Azətiqaz” dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədi ilə “Formes.group.az” MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur./Sozcu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*