Təsəvvür edin ki, hər gün ünsiyyət qurduğunuz bəzi insanların əslində şüuru yoxdur. Onlar sözün həqiqi mənasında NPC-lərdir – kompüter oyunlarında əvvəlcədən müəyyən edilmiş ssenari üzrə hərəkət edən personajlar.
Fəlsəfədə bu fikrə bənzər, kifayət qədər ürküdücü bir düşüncə təcrübəsi mövcuddur. O, “fəlsəfi zombilər” adlanır.
Adi insanlardan heç nə ilə fərqlənməyən məxluqları təsəvvür edin. Onlar danışır, gülür, ağrıya reaksiya verir, qərarlar qəbul edir, mübahisə edir, aşiq olur, hətta Kainatın mahiyyəti haqqında mülahizələr yürüdürlər. Lakin bütün bunların arxasında heç bir daxili təcrübə yoxdur. Onlar heç nəyi subyektiv olaraq yaşamır, ətraf aləmi bizim kimi hiss etmirlər. Sadəcə, xarici təsirlərə reaksiya verən, son dərəcə mürəkkəb bioloji mexanizmlər kimi fəaliyyət göstərirlər.
Ən maraqlısı isə budur ki, zahirən onları adi insanlardan ayırmaq mümkün deyil.
Fəlsəfədə bu məsələ funksional şüur və fenomenal şüur arasındakı fərqlə izah olunur.
Funksional şüur məlumatı emal etmək, ətraf mühitə reaksiya vermək, mühakimə yürütmək və müxtəlif hərəkətləri yerinə yetirmək qabiliyyəti ilə bağlıdır.
Fenomenal şüur isə subyektiv təcrübənin özüdür. Başqa sözlə, nəyisə hiss etməyin, yaşamağın, dünyanı daxildən qavramağın necə bir şey olmasıdır. Ağrının sadəcə sinir sistemində baş verən proses deyil, insanın daxilində hiss edilən bir təcrübə olması məhz buna aiddir.
Biz adətən hər bir insanın düşüncələrini müşayiət edən daxili səsinin olduğunu güman edirik. Sanki hamı özü ilə daim zehni dialoq aparır.
Halbuki daxili monoloq universal xüsusiyyət deyil. İnsanlar özləri ilə zehni olaraq nə qədər tez-tez danışdıqlarına və düşüncələrini hansı formada qurduqlarına görə bir-birindən xeyli fərqlənirlər.
Bəs başqa bir insanın şüuruna birbaşa nəzər sala bilmiriksə, onun həqiqətən mövcud olduğunu haradan bilirik?
Biz başqalarının şüurlu olduğunu onların davranışlarına, sözlərinə, emosiyalarına və özümüzə bənzəmələrinə əsasən qəbul edirik. Lakin bunların hamısı yalnız xarici təzahürlərdir. Nəzəri baxımdan isə belə davranışların arxasında subyektiv təcrübənin olmaması da mümkündür.
Devid Çalmers, Daniel Stoljar və başqa filosoflar uzun illərdir bu problemləri araşdırırlar. Onların əsas suallarından biri budur: şüuru yalnız beyində baş verən fiziki proseslərlə tam şəkildə izah etmək mümkündürmü? Yoxsa şüurun hələ də elmi və fəlsəfi baxımdan izah edilməmiş başqa bir tərəfi var?
Bəzən əvvəlcədən yazılmış ssenari üzrə yaşayırmış kimi görünən, eyni reaksiyaları mexaniki şəkildə təkrarlayan, davranışlarında heç bir fərdi dərinlik nümayiş etdirməyən insanlarla qarşılaşanda istər-istəməz bu fəlsəfi düşüncə təcrübəsini xatırlayıram.
Əlbəttə, bu cür təəssüratlar heç nəyi sübut etmir. İnsanların davranışlarının bizə mexaniki görünməsi onların şüursuz olması demək deyil. Sadəcə, fəlsəfi zombilər ideyasının özü insanı düşündürür.
Bəs əgər biz nəhəng bir bioloji simulyasiyanın daxilində yaşayırıqsa? Ətrafımızda insanlar kimi görünən, danışan və davranan, lakin əslində subyektiv təcrübəyə malik olmayan məxluqlar varsa?
Bəlkə də yaşadığımız dünya təsəvvür etdiyimizdən daha çox “Vəhşi Qərb Dünyası” (Westworld) serialındakı əyləncə parkına bənzəyir. Orada insanlardan seçilməyən, mürəkkəb davranışlar nümayiş etdirən, lakin öz varlıqlarının mahiyyətini dərk etməyən süni personajlar mövcuddur.
Bu düşüncə təcrübəsinin ən narahatedici tərəfi isə cavabın əlçatmaz olmasıdır. Çünki başqasının daxili dünyasına birbaşa daxil olmaq, onun həqiqətən nələr hiss etdiyini yoxlamaq imkanımız yoxdur.
Bəlkə də fəlsəfi zombilər haqqında ən qorxulu sual onların ətrafımızda olub-olmaması deyil. Əsas məsələ budur: biz başqa insanların şüurlu olduğunu necə bilirik və öz şüurumuzun mövcudluğuna əmin olduğumuz kimi, onların da daxili dünyasının olduğuna nə dərəcədə əmin ola bilərik?
Natiq Səlim,
KONKRET.az
