Dişli çarxların intibahı: İnsanlar niyə mexaniki dünyaya qayıdır?backend

Dişli çarxların intibahı: İnsanlar niyə mexaniki dünyaya qayıdır?

Müasir insan rəqəmsal dünyanın səssizliyindən yorulub. Əks halda, hər şeyin elektronlaşdığı bir dövrdə dişli çarxlara, mexanizmlərin gurultusuna və tıqqıltısına qarşı qəfil yaranan qarşısıalınmaz marağı başqa cür izah etmək çətindir. Ən yeni smartfonlardan istifadə edən nəsil latun detallara, mexanizmi görünən saatlara, metal konstruksiyalara meyl göstərir. İnsanlar klaviaturalarına, geyimlərinə dişli çarxlar əlavə edir, onları evlərinin interyerində dekor elementi kimi istifadə edirlər.

Bu, sadəcə nostalgiya deyil. Çünki həmin insanların çoxu mexaniki qurğuların necə işlədiyini belə bilmir. Söhbət XIX əsr riyaziyyatçısı Çarlz Bebbicin gerçəkləşməmiş kompüter arzusundan ilhamlanan yeni estetik cərəyandan – stimpankdan gedir.

XX əsrin sonlarında zəngli və tıqqıltılı divar saatları köhnəlmiş texnikanın, az qala, yararsız əşyaların rəmzi sayılırdı. İnsanlar pəncərəsində işıq yanan, rəqəmləri səssizcə dəyişən elektron saatlara heyranlıqla baxırdılar. Ancaq zaman keçdikcə bu səssizlik yorucu olmağa başladı. Heç bir səs eşidilmir, telefonun, planşetin və ya saatın ekranını söndürəndə sanki həyat da dayanır.

Müasir texnologiyalar, əsasən, səssiz, rəngsiz və formasızdır. Elektrik gözə görünmədən işləyir: cərəyan heç kimin görmədiyi mikrosxemlərdən keçir, məlumatların yazılması və silinməsi isə insan qulağının eşidə bilmədiyi proseslərdir. Ən mürəkkəb qurğular belə öz iş prinsipini istifadəçiyə hiss etdirmir.

XIX əsrdə isə vəziyyət tamamilə fərqli idi. Parovozun odu və buxarı görünürdü, saat tıqqıldayırdı, çap dəzgahının mexanizmi kağıza zərbə vururdu. Maşın sanki insanla danışır, işlədiyini səsi və hərəkəti ilə bildirirdi.

XXI əsrdə stimpank məhz bu mexaniki canlılığa duyulan ehtiyacın cavabı kimi meydana çıxdı. Bu üslubda dişli çarxlar əsas elementlərdən biridir. Lakin onlar sadəcə bəzək deyil. Daha çox mexanizmin görünə, eşidilə və hətta sökülüb yenidən yığıla bilməsinin manifestidir. Fırlanan dişli çarx insanı valeh etməklə yanaşı, ona işin getdiyini, mexanizmin hərəkətdə olduğunu göstərir.

Rəqəmsal dünyanın duyğusuz və toxunulmaz mühitindən yorulmaq latun, mis və buxar texnologiyalarının yenidən dəbə düşməsinin əsas səbəblərindən biridir. Eyni tendensiyanı analoq fotoaparatlara, vinil plastinkalara və mexaniki saatlara marağın artmasında da görmək mümkündür. İnsanlar ekrandakı rəqəmlərlə kifayətlənmək istəmir, əşyalarla fiziki təmas, onların səsini eşitmək, metalın istiliyini hiss etmək istəyirlər.

Çarlz Bebbicin gerçəkləşməyən kompüter arzusu

Texnologiya tarixini dəyişə biləcək insanlardan biri XIX əsrdə Londonda yaşamış riyaziyyatçı Çarlz Bebbic idi. Onu çox vaxt kompüterin “atası” adlandırırlar. Bunun səbəbi isə öz dövründə tamamlaya bilmədiyi, lakin sonradan ideyasının nə qədər mükəmməl olduğu sübut edilən hesablama maşınları yaratmaq təşəbbüsü idi.

1822-ci ildə Bebbic riyazi hesablamaları avtomatik aparmaq və nəticələri çap etmək üçün əl ilə işlədilən “fərq maşını”nın layihəsini hazırladı. Bu, son dərəcə mürəkkəb və bahalı layihə idi. Bununla belə, Britaniya hökuməti təşəbbüsü dəstəkləmək qərarına gəldi və ilkin mərhələdə 1500 funt sterlinq vəsait ayırdı.

Maşının hazırlanması üçün minlərlə latun dişli çarx, val və rıçaq istehsal edilməli idi. Detalların dəqiqliyi düymün mində biri səviyyəsində olmalı idi. Bebbic layihəni üç ilə başa çatdıracağına söz versə də, bu müddətə əməl edə bilmədi. Doqquz il keçməsinə baxmayaraq, iş hələ də tamamlanmamışdı. Həmin vaxta qədər layihəyə artıq 17 min funt sterlinq xərclənmişdi. Maşının yalnız bir hissəsi işlək vəziyyətə gətirilə bilmişdi. Bebbic isə bu işdən vaz keçərək daha böyük ideyanın üzərində çalışmağa başladı.

Yeni layihə “Analitik mühərrik” adlanırdı. Əslində, bu qurğu müasir kompüterin əsas prinsiplərini özündə birləşdirirdi. Onun yaddaş bloku, rəqəmləri saxlamaq üçün «anbarı», hesablamaları aparan «dəyirmanı» və proqramların daxil edilməsi üçün perfokartları olmalı idi. Bebbic hətta ikilik say sistemindən istifadə imkanını da nəzərdən keçirirdi.

Lakin bu maşının hazırlanması üçün ən azı 50 min dişli çarx tələb olunurdu. Belə bir mexanizmi həmin dövrün texniki imkanları ilə yaratmaq olduqca çətin idi. Bebbic nəhayət, layihəni həyata keçirə bilməyəcəyini anladı və bu işi bacaracaq insanın qarşısında əvvəlcədən baş əydiyini bildirdi.

Onun köməkçisi Ada Lavleys isə maşının necə işləyəcəyini izah edən qeydlər hazırladı, hətta onun üçün proqram da yazdı. Məhz buna görə Ada Lavleys tarixdə ilk proqramçılardan biri, bir çox mənbələrdə isə ilk proqramçı hesab olunur.

Bebbicin ideyasının texniki baxımdan gerçəkləşməsi üçün 150 ildən çox vaxt lazım gəldi. London Elm Muzeyinin mütəxəssisləri onun çertyojları əsasında, layihədəki bəzi kiçik qeyri-dəqiqlikləri aradan qaldıraraq, 2 nömrəli fərq maşınının işlək surətini hazırladılar.

Tədqiqatçılar bəzi uyğunsuzluqların Bebbic tərəfindən qəsdən edildiyini ehtimal edirdilər. Güman olunurdu ki, o, layihəsinin başqaları tərəfindən olduğu kimi təkrarlanmasının qarşısını almaq üçün müəyyən ehtiyat tədbirləri görmüşdü.

Maşının hazırlanmasına iki tona yaxın metal və dörd mindən çox detal sərf edildi. Nəticə isə heyrətamiz oldu: hesablama qurğusu ilk işə salınma zamanı problemsiz çalışdı və hesablamaları səhvsiz yerinə yetirdi.

Əgər bu maşın XIX əsrdə tam şəkildə hazırlana bilsəydi, texnologiya tarixinin gedişatını dəyişə bilərdi. Lakin Bebbicin ideyaları öz dövrünü qabaqlamışdı və lazımi dəstəyi vaxtında ala bilməmişdi.

Yenidən yaradılan maşın sonradan stimpankın ideya mərkəzinə çevrildi. Bu cərəyanın təsəvvür etdiyi dünya belə idi: kompüterlərin mövcud olduğu, lakin onların hələ də mexaniki qurğular şəklində işlədiyi alternativ reallıq. Latun, dişli çarxlar və buxar texnologiyaları Bebbicin daha çox vaxt və maliyyə əldə edə biləcəyi təqdirdə texnologiyanın hansı istiqamətdə inkişaf edə biləcəyinin estetik ifadəsinə çevrildi.

Zarafatdan yaranan bütöv bir mədəniyyət

“Stimpank” terminini 1987-ci ildə yazıçı Kevin Ceter ortaya atdı. Əvvəlcə bu, bir növ zarafat idi. O, öz yaradıcılıq üslubunu “buxar, dişli çarxlar və Viktoriya dövrünün ehtirasları” ilə necə adlandıracağını düşünərkən bu ifadəni işlətmişdi. Lakin zarafat tezliklə geniş yayıldı və bütöv bir ədəbi-estetik istiqamətin adına çevrildi.

Stimpankın müstəqil janr kimi möhkəmlənməsində Uilyam Gibson və Brüs Sterlinqin 1990-cı ildə nəşr olunan «Fərq maşını» romanı mühüm rol oynadı. Əsərdə XIX əsrin buxar texnologiyaları dövründə kompüterlərin mövcud olduğu alternativ dünya təsvir edilirdi. Romanın mərkəzində isə Çarlz Bebbicin hesablama maşını ideyası dayanırdı.

Bundan sonra fərq maşını fantastika əsərlərində tez-tez rast gəlinən mövzulardan birinə çevrildi. Harri Gibsonun əsərlərindən birində bu qurğu gəminin dörddə birini tutacaq qədər nəhəng təsvir olunurdu. Maykl Flinnin fantastik romanında isə gizli bir təşkilat həmin maşının köməyi ilə tarixin gedişatını dəyişməyə çalışırdı.

2000-ci illərdə stimpank ədəbiyyat çərçivəsindən kənara çıxaraq həvəskar ustaların da maraq dairəsinə daxil oldu. Beləliklə, əsl sənətkarlıq hərəkatı başlandı.

Amerikalı həvəskar ustalardan biri olan Ceyk fon Slatt bu istiqamətin inkişafına mühüm töhfə verdi. Tibbi vizuallaşdırma sahəsində çalışan Slatt internetdə ətraflı təlimatlar paylaşırdı. O, adi noutbuku stimpank üslubunda qurğuya çevirməyin, sovet istehsalı yazı maşınından isə USB klaviatura hazırlamağın yollarını göstərirdi.

Yazı maşınının müasir texnologiya ilə birləşdirilməsi stimpankın klassik nümunələrindən birinə çevrildi. Köhnə yazı maşınının metal rıçaqları və zərbə mexanizmi adi USB elektron lövhəsi ilə birləşdirilir. Nəticədə hər klaviş basıldıqda əsl mexaniki səs çıxaran, toxunuşu ilə fərqlənən klaviatura əldə edilir. Ekranda müasir mətn görünür, barmaqların altında isə XIX əsrin mexanizmi hiss olunur.

Belə klaviaturalar bu gün də dünyanın müxtəlif yerlərində, ABŞ-dan Uraladək sifarişlə hazırlanır.

Paralel olaraq emalatxanalarda və qarajlarda latun, mis və ağacla işləyən bütöv bir sənətkarlıq məktəbi formalaşdı. Ustalar dişli çarxlardan təkcə işlək mexanizmlər deyil, həm də dekorativ kompozisiyalar yaradırlar. Bəzən bu detallar heç fırlanmır, sadəcə mürəkkəb naxışların tərkib hissəsi kimi istifadə olunur. Hər detalın öz yeri və estetik mənası var.

Latunun isti parıltısı isə sadəcə boya ilə əldə edilmir. Ustalar metalı xüsusi üsullarla oksidləşdirir, cilalayır və bəzən süni şəkildə qocaldırlar. Məqsəd əşyanın uzun illər maşın zalında istifadə edilmiş kimi görünməsidir.

Bu işlərin özünəməxsusluğu ondadır ki, sənətkarlar XIX–XX əsrlərə aid həqiqi mexaniki detallardan istifadə etməyə üstünlük verirlər. Köhnə saatların mexanizmləri, tikiş maşınları, səhra telefonları və digər tarixi əşyalar alınır, tapılır və yeni kompozisiyalara çevrilir. Buna görə də hər bir stimpank nümunəsi özünəməxsus və təkrarolunmaz olur.

Dişli çarxlar modaya və gündəlik həyata daxil olur

Stimpank zamanla ədəbiyyatın sərhədlərini aşaraq bütöv bir subkulturaya çevrildi. Onun əsas xüsusiyyətləri dişli çarxlar, latun və mis detallar, mexaniki rıçaqlar, eləcə də Viktoriya dövrünün geyim üslubudur.

Musiqi alətlərində bu cərəyanın izlərinə rast gəlmək mümkündür. Bəzi gitaralar mexaniki təkərlər, latun səsucaldanlar və qeyri-adi metal detallarla bəzədilir. Moda sahəsində isə korsetli geyimlər, dəri eynəklər, dişli çarxlarla bəzədilmiş jiletlər, saat detalları və metal elementli şlyapalar diqqət çəkir.

İnteryer dizaynında borulardan, ventillərdən və Edison lampalarından hazırlanmış çilçıraqlar, köhnə dəzgahların çərçivələrindən düzəldilmiş yazı masaları geniş yayılıb. Kino və kompüter oyunlarında isə stimpank artıq bütöv alternativ dünyaların yaradılmasına imkan verir. Bu estetikaya “Görkəmli centlmenlər liqası” filmi və “Stimboy” anime filmi kimi nümunələrdə rast gəlmək olar.

Stimpankın Avropadakı əsas mərkəzlərindən biri İngiltərənin Linkoln şəhəri hesab olunur. Burada hər il qitənin ən böyük stimpank festivallarından biri keçirilir. Festivalda minlərlə insan Viktoriya dövrünün geyimlərini xatırladan kostyumlarda iştirak edir. Bəziləri latun protezlər, digərləri isə qeyri-adi çətir və paraşüt konstruksiyaları ilə bəzədilmiş geyimlər seçirlər.

Mexanikanın insana qaytardığı hiss

Stimpankda dişli çarx sadəcə mexaniki detal deyil. O, əşyanın necə qurulduğunu göstərən, onun tarixini və mənşəyini xatırladan fəlsəfənin simvoludur. Belə bir əşyanın kimə məxsus olduğunu, neçə dəfə təmir edildiyini, hansı ustanın onu hazırladığını təsəvvür etmək mümkündür.

Müasir kütləvi istehsal məhsullarında isə bu hiss çox vaxt yoxdur. Onların həyat dövrü sadədir: alırsan, istifadə edirsən, xarab olur və atırsan.

Stimpank bu yanaşmaya alternativ təklif edir. Burada mexanizm göz önündədir, buna görə də onu anlamaq mümkündür. Əşya təmir edilə bilir: vintlər, dişli çarxlar və digər detallar proqram təminatı kimi yenilənmir, lazım gəldikdə dəyişdirilir. Ən əsası isə, kütləvi istehsal olunmuş bir məhsul belə ustanın müdaxiləsindən sonra unikal əşyaya çevrilə bilər.

Latun dişli çarxlar beləliklə, üzsüz rəqəmsal dünyanın qarşısına özünəməxsus siması və tarixi olan əşyaları çıxarır.

Maraqlı məqam budur ki, mexanikanı guya keçmişə göndərməli olan texnoloji tərəqqinin özü ona yenidən həyat verir. Mexaniki saatlar dəbə qayıdır. Üstəlik, onlar artıq sadəcə “retro” əşyalar deyil, status göstəricisi hesab olunur. Açıq mexanizmli saatlarda hər bir detalın, hər bir balans hərəkətinin görünməsi xüsusi zövq və maraq doğurur.

Ağıllı saatların modelləri hər il yenilənir, mexaniki saatların isə dəyəri və nüfuzu artır. Analoq sintezatorlar, kinoplyonkalar, stolüstü oyunlar, mexaniki klaviaturalar, metal konstruktorlar və mühərrik modelləri də bu marağın başqa nümunələridir. Bütün bunlar insanların toxuna, hiss edə və səsini eşidə bildikləri əşyalara artan tələbatını göstərir.

Stimpank bu mənada sadəcə moda deyil, mexaniki və rəqəmsal dünyanın arasında körpüdür. O sübut edir ki, bu iki dünya bir-birinə düşmən deyil. İnsan həm bulud texnologiyalarından istifadə edə, həm də iş masasını heç bir cihazla əlaqəsi olmayan, sadəcə tıqqıldayan latun mexanizmlə bəzəyə bilər. Çünki bəzən bir əşyanın dəyəri onun nə işə yaradığında deyil, insana hansı hissləri yaşatmasındadır.

Bəlkə də Çarlz Bebbicin ixtirasının çertyojları bir əsrdən çox müddət ərzində rəflərdə məhz bunun üçün qaldı: gələcək nəsillərə yalnız kompüterin necə yarandığını deyil, həm də insanın mexaniki dünyaya olan sevgisini xatırlatmaq üçün.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*