“Antiterror əməliyyatı Qarabağda erməni silahlı birləşmələrinin sonuncu nümayəndəsi tərksilah edilənə qədər davam edəcək”.
Bunu siyasi şərhçi Orxan Amaşov KONKRET.az-ın suallarını cavablandırarkən deyib:
“Bu addım çoxdan gözlənilirdi. Bunun üçün legitim əsaslar mövcud idi. İndi isə kritik vəziyyət yarandı. Son hadisələr buna təkan verdi. Qarabağda boz zona var. Həmin zonada separatçı xunta hələ də öz qeyri-qanuni mövcudluğunu davam etdirir. Erməni silahlı birləşmələri qeyd-şərtsiz və tam şəkildə ərazimizdən çıxarılmalıdır. Separatçı xunta özünü buraxmalı, ya da məhv edilməlidir. Azərbaycan tərəfindən həyata keçirilən addımlar müasir hərbin bütün qaydalarına uyğundur”.
Ekspert əlavə edib ki, biz hərbi hədəflərə yönəlirik, mülkü əhali və infrastruktur hədəf deyil: “Onların təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq məlumatlar verilib. Hətta humanitar dəhliz təklif olunub ki, həmin dəhliz vasitəsilə müxtəlif məntəqələrə getsinlər və təhlükəsizlikləri təmin olunsun. Bu addım beynəlxalq hüquqa və Azərbaycanın daxili qanunvericiliyinə tamamilə uyğundur”.
O.Amaşovun fikrincə, Qarabağdakı separatçı xuntada hakimiyyətə gələn radikalların Qarabağ erməniləri ilə Bakının dialoquna şərait yaratmayacaqları bəlli idi: “Nə qədər ki, bunlar oradadır, Azərbaycanın ərazisində boz zona var. Azərbaycan isə öz addımlarını atır. Həm hərbin son tələblərinə, həm də qanuna və hüquqa uyğun olaraq addımlar atılır”.
Vəli Həsənov,
KONKRET.az