Səssiz daşınan ağrı: Şəhid anasının ləyaqət ELEGİYASİbackend

Səssiz daşınan ağrı: Şəhid anasının ləyaqət ELEGİYASİ

Allah ölənlərinizə rəhmət eləsin… Mənim ürəyi, qəlbi təmiz, mərd, ləyaqətli, başıuca bir Adilə mamam (bibim) var idi. Elə qadınlardan idi ki, həyatın ən ağır dərdini belə səssiz daşıyar, öz ağrısını heç kimin çiyninə yük etməzdi.

Oğlu Səbahəddin Birinci Qarabağ savaşında Ağdamın Güllücə kəndində Vətən uğrunda şəhid olmuşdu. Bir ana üçün bundan böyük dərd, bundan ağır sınaq ola bilərmi? Övladını böyüdəsən, boya-başa çatdırasan, sonra onu Vətən yolunda itirəsən… Amma Adilə mama bu böyük dərdi illərlə sinəsində daşıdı, heç vaxt özünü önə çıxarmadı.

Hələ bir dəfə də görmədim ki, hansısa təşkilatın, idarənin, qurumun qapısını döysün, “Mən şəhid anasıyam” desin. Heç vaxt şəhid anası olmasını özünə üstünlük, imtiyaz, haqq tələb etmək üçün səbəb bilmədi.

Bir dəfə hansısa qurumda onun digər övladını incitmişdilər. Ona dedilər ki, “Ana, özünü təqdim elə, bəlkə şəhid anası olduğunu bilsələr, üzərinizə bu qədər gəlməzlər”.

Adilə mamamın cavabı isə hələ də qulağımda səslənir: “Bala, ayıbdır… Bir qadın, bir ana övladının şəhid olmasını niyə hamıya car çəkməlidir ki?!”.

Bu sözün içində bir ananın ləyaqəti, təmkinliyi, böyüklüyü vardı.

O, şəhid anası olduğunu deməyə utanırdı. Daha doğrusu, dərdini özünə üstünlük hesab etməyə utanırdı. Başqalarının yanında övladlarından danışmağa belə həya edirdi. Çünki onun üçün şəhidlik nə danışılacaq bir üstünlük, nə də kimdənsə nəsə istəmək üçün vasitə idi. Şəhidlik onun üçün müqəddəs bir əmanət, ağır bir tale idi.

Həmişə deyirdi: “Mənim balam kimi necə oğlanlar canını verdi Vətən yolunda. Elə onlar hamısı bizim balalarımızdır. Biz hamımız şəhid anasıyıq”.

Bax, əsl böyüklük də elə budur… Öz balasının adını hamıdan uca tutmaq əvəzinə, Vətən uğrunda canından keçən bütün oğulları öz balası bilmək. Öz dərdini digərlərinin dərdindən üstün saymamaq. Şəhid anası olmağın müqəddəsliyini sükutla, ləyaqətlə daşımaq.

Bu gün geriyə baxanda düşünürəm: Bəlkə də ən böyük insanlar özlərini heç vaxt böyük göstərməyənlərdir. Onlar nə adlarının çəkilməsini istəyirlər, nə diqqət mərkəzində olmağı, nə də etdiklərini dünyaya car çəkməyi… Adilə mamam da belə idi.

O, oğlunu itirdi, ağladı, amma dərdini nümayiş etdirmədi. Həsrət çəkdi, amma heç kimdən xüsusi münasibət ummadı. Öz balasını itirən bir ana kimi yaşadı, amma bütün şəhid analarının ağrısını öz ağrısı bildi. Belə anaların qarşısında insanın sözü də, başı da əyilir… Yerin behişt olsun, ürəkli qadın!

Səbahəddinin və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, analarına səbr versin.

Fadil Paşayev, əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*