Füzuli Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən İmamverdi Əsədov və Qalib Həbibovun (ad və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elmir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onların hər birinə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, İmamverdi Əsədov və Qalib Həbibov MMC-lərdən birində gözətçi vəzifəsində işləyib. Həmin şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında və öz qulluq mövqelərindən istifadə etməklə 2025-ci ilin mart ayı ərzində vahid cinayət niyyəti əsasında hərəkət ediblər.
Belə ki, hər iki şəxs müəssisənin Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən 3 saylı anbardan müxtəlif çeşidli qarğıdalı toxumlarını çıxararaq mənimsəyiblər.
Təqsirləndirilən şəxslər tərəfindən mənimsənilən məhsulların ümumi dəyəri 26 294,60 manat təşkil edib. Onlar götürdükləri ümumilikdə 98 kisə toxumu cinayətdən məlumatsız olan Beyləqan şəhər sakininə satıb, əldə etdikləri pul vəsaitini şəxsi məqsədləri üçün istifadə ediblər.
Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
